Türkiyədə keçirilən prezident seçkiləri Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatdı. Hansı ki, seçkidən öncə bəzi siyasilər Ərdoğanın məğlub olacağı və ya müxalifətin ən güclü namizədi hesab edilən Məhərrəm İncənin bu qalibiyyəti qəbul etməyəcəyi təqdirdə Türkiyə daxilində ciddi qarşıdurmaların baş verə biləcəyini iddia edirdi.
Ərdoğanın qalibiyyəti və M.İncənin bu üstünlüyü qəbul etməsi fonunda Türkiyədə daxili qarşıdurma ehtimalının da aradan qalxdığını söyləmək mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bu təhlükənin aradan qalxdığını təsdiqlədi:
“Təbii ki, artıq Türkiyədə daxili qarşıdurma ehtimalı yoxdur. Bunu birmənalı şəkildə söyləmək mümkündür.
Müxalifətin seçkilərdə qalib gəlcəyi ilə bağlı ehtimallar az idi. Proqnozlar daha çox II turla bağlı idi. Seçkilərdə II turun olacağı, prezidentin bu turun nəticələri əsasında seçiləcəyi ilə bağlı ehtimallar daha çox səslənirdi. Lakin bu proqnozlar da özünü doğrultmadı. Baş verənlər göstərdi ki, iqtidardakı mövcud partiyanın siyasi durumu stabildir. Ərdoğan bu qələbə ilə müxalifətin onun barəsində səsləndirdiyi tənqidlərə cavab verdi, bu tənqidləri nöqtələdi. Müxalifət liderləri Ərdoğanın real reytinqinin aşağı olduğunu iddia edirdi. Lakin seçkilərin nəticəsi başqa həqiqəti ortaya qoydu. Bundan sorna müxalifətin eyni tənqidlərin üzərində dayanmasının artıq mənası qalmır”.
Seymur Əliyev