Son vaxtların ən çox müzakirə olunan hadisələrindən olan Gəncə olayları bu gün də müxtəlif rakurslardan şərh olunmaqda, bu istiqamətdə aparılan araşdırmalar davam etdirilməkdədir.
Maraqlıdır, istər icra başçısına yönəlik qəsd, istərsə də qanunsuz aksiya və polis əməkdaşlarına edilən hücum fonunda cəmiyyətin sərgilədiyi davranış necə dəyərləndirilməlidir? Məlum olaylar zamanı insanlarımızı ortaya qoyduğu davranış nə dərəcədə sivil və dəraakəli hesab oluna bilər?
Moderator.az-a açıqlama verən sosioloq Lalə Mehralı sadə vətəndaşların sözügedən olaylar zamanı özlərini kifayət qədər yetkin apardığını vurğuladı:
“Mən sözügedən zonanın insanlarına bir qədər bələdəm. Onlar səbirli, təmkinli insanlardır. Hesab edirəm ki, sadə vətəndaşlar baş verənləri bəzi KİV təmsilçilərindən daha anlayışla qarşıladı. Sanki insanlar bu cür hadisələrdə necə davranmaq lazım gəldiyini bilirdi. Insanlar təxribata uymadı, el dilində desək “küyə düşmədi”. Insanlar başa düşdü ki, onlrın bu iğtişaşa qoşulmaları üçün səbəb yoxdur. Sadə vətəndaşlar qanun qarşısında necə davranmaq gərəkirsə, məhz o cür davrandı. Əgər insanlar bunu bilməsəydi, o zaman iğtişaşa qoşulanların da sayı çox olardı. Çünki Gəncə böyük şəhərdir.
Vətəndaşlarımız öz addımlarını ölçüb-biçməyi bacardı. Bəzi media orqanlarında baş verən olaylarla bağlı həqiqətə uyğun gəlməyən məlumatara rast gəldik. Sadə vətəndaşlar bəzi media əməkdaşlarından daha dərrakəli davranış ortaya qoydu.
Insanlarımız bu cür olaylarla 90-cı illərdə sınanıb. Uzun illərdir ki, bu cür olaylar bizim ölkəmizdə baş verməyib. Biz stabil, dinc bir ölkəyik.
Hesab edirəm ki, baş verən bu hadisənin bir baxımdan da xeyri oldu. Dövlət bir daha öz vətəndaşını tanımış oldu. Bir daha əmin oldu ki, nə olursa-olsun, vətəndaş öz dövlətini arxasındadır”.
Seymur Əliyev