Dünən Azərbaycan sərhəddini keçməyə çalışan erməni əsgərlərinin neytrallaşdırılması zamanı düşmənin Karen Kazaryan adlı bir hərbçisi ordumuz tərəfindən ələ keçirilib.
İrəvanda hakimiyyət dəyişikliyinin baş verdiyi, Paşinyan rejiminin siyasi proseslərə nəzarət etdiyi zamanda baş verən bu olay Ermənistandakı indiki hakimiyyətin də Qarabağ problemini sülh yolu ilə həll etmək niyyətində olmadığının göstəricisi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Arzu Nağıyev bu olayın Ermənistan daxilindəki bəzi həqiqətləri ortaya çıxartdığını vurğuladı:
“Bu təxribat Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən dərhal sonra baş verdi. Məsələ ondadır ki, Paşinyan tam şəkildə hakimiyyətə nəzarət edə bilmir. Buna görə də hər bir qurum öz bildiyini edir.
Bildiyiniz kimi, məlum olaydan sonra Ermənistan Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinə müracit etdi və K.Kazaryanın dəli olması, hərbçi olmaması ilə bağlı açıqlama verdi. Lakin fakt bundan ibarətdir ki, bu şəxs Azərbaycan sərhədlərini pozan zaman saxlanılıb və təbii ki, məsələ Azərbaycan tərəfindən araşdırılacaq.
Ermənistan tərəfinin verdiyi bəyanatlardan da hiss edilir ki, qarşı tərəf status-kvonun saxlanılmasında maraqlıdır. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq qanunlara uyğun olaraq problemin həllin cəhd edib. Lakin Ermənistan tərəfindən lazımi cavab alınmır. Təmas xəttində və sərhəddə təxribatlar davam edir. Son hadisə də Qazax rayonunda, Azərbaycan və Ermənistanın sərhddində baş verib. Deməli, bu, bir dövlətin digər dövlətə qarşı təxribatıdır. Bu, bir daha göstərir ki, Paşinyan hakimiyyəti Sərkisyan hakimiyyətindən çox da uzağa getməyib və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil”.
Seymur ƏLİYEV