Bu günlərdə Rusiya Ermənistana kredit əsnasında 200 milyon dollar məbləğində silah verib.
Maraqlıdır, Kremlin bu adımı Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkənin Rusiya üçün önəminin dəyişilməz olaraq qaldığının təsdiqi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Rusiyanın məlum kreditlə bağlı müqaviləni indi deyil, Sərkisyan hakimiyyəti dönəmində bağladığına diqqət çəkdi:
“Mənim Rusiyanın bölgə siyasətinə, Ermənistanla ittifaqına münasibətim mənfidir. Ancaq son hadisə ilə bağlı obyektivlik naminə onu demək lazımdır ki, Rusiya kreditin sonuncu hissəsini verməyə bilməzdi. Çünki bu kredit müqaviləsi Sərkisyanın dönəmində imzalanmışdı.
Belə bir müqavilənin Paşinyanla imzalanması gündəmə gəlsəydi, bəlkə də Moskva çox asanlıqla bundan imtina edər, Paşinyana bu krediti verməzdi. Çünki Paşinyanın son addımları Moskvada müəyyən suallar doğurur. Ermənistanın müdafiə naziri də bəyan etdi ki, ölkələrində sərhədlərin qorunması ilə məşğul olan rus qoşunlarının statusuna yenidən baxa bilərlər. Bu da Rusiyadakı müəyyən dairələrin xoşuna gəlmədi. Bu günlərdə Ermənistana verilən silahlar isə sonuncu kreditin sonuncu hissəsi idi. Lakin bu gün mənim üçün də maraqlı olan budur ki, Moskva Paşinyanın narahatlıq doğuran açıqlamalarından sonra, Ermənistana silah almaq üçün kredit imkanı yaradarmı? Bu, mənim üçün çox böyük sualdır. Moskva öz vassalına o zaman belə bir kredit ayıra bilər ki, o, Moskvanın dediyini desin. Amma Paşinyan son zamanlar müstəqil oyun aparmağa çalışır.
Onu da untumaq olmaz ki, Azərbaycan silahlanmaya milyardlarla dollar vəsait ayırır. Odur ki, 200 milyon dollarlıq bu kredit Ermənistanla ölkəmiz arasındakı böyük balans fərqini qarşı tərəfin xeyrinə dəyişəcək deyil”.
Seymur ƏLİYEV