“Rusiya tərəfindən devrilmək ehtimalı Paşinyanı narahat edir”
Rəsmi İrəvan bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş nazir səviyyəsində təmsil olunmaq istəyi ilə çıxış edib, bunu ölkə qanunvericiliyindəki son dəyişikliklərlə əlaqələndirib.
Maraqlıdır, Ermənistan bu
istəyi həqiqətən də qanunvericilikdəki dəyişikliklərəl bağlıdır, yoxsa bu, hər
şeydən öncə düşmən ölkənin KTMT-ə artan ümidinin, Rusiya ilə yaxınlaşmaq cəhdinin
göstəricisidir?
Moderator.az-a açıqlama
verən politoloq Elşən Manafov Ermənistanın siyasətində bir-birinə zidd olan,
bir-birini təkzib edən məqamların kifayət qədər çox olduğuna diqqət çəkdi:
“Ermənistan hakimiyyətinin
daxili və xarici siyasətində daban-dabana ziddiyyət təşkil edən xeyli məqam
var. Hazırda Ermənistan iqtidarının ən böyük qayğısı nəyin bahasına
olursa-olsun ABŞ-ın siyasi və maliyyə dəstəyini almaqdan ibarətdir. ABŞ
konqresində 50 konqresmenin Trampa ünvanlanan müraciəti var. Konqresdəki “Ermənistanın
dostları” adlı qruplaşma bunu layihələşdirir və görüşün baş tutması üçün əlindən
gələni edir. Paşinyanın özü Brüsseldə NATO sammitində Trampla görüşə cəhd etdi.
Lakin Trampın sayqısız mövqeyi ilə üzləşdi. Hətta ekspertlər onun qaça-qaça
Trampa yetişdiyini və onunla cəmi bir neçə dəqiqə danışmağa cəhd göstərməsinə də
diqqət çəkdi. Bunu bəzi siyasilər Ermənistanın Rusiyadan qurtulmaq və ABŞ-la
münasibət qurmaq cəhdi kimi dəyərləndirdi. Bu, onu göstərir ki, Paşinyanın Qərbin
agenti olması ilə bağlı səslənən fikirlər əsassız deyil. Hərçənd ki, biz Qərb
institutları tərəfindən Ermənistana ciddi dəstəyin göstərildiyinə də şahidlik
etmirik.
Bu gün Ermənistan həm ABŞ
və Avropa, həm də Rusiya üçün ağır bir yükdür. Ermənistanın heç bir ciddi təbii
resursu yoxdur ki, bu güclərdən hər hansı biri məhz buna görə Ermənistanla
münasibətə xüsusi önəm versin. Ermənistan işğal siyasəti səbəbi ilə bütün
regional layihələrdən kənarda qalıb.
Ermənistanın KTMT-da baş
nazir səviyyəsində təmsilçiliyinə gəlincə, bu qanunvericilikdəki dəyişikliklərlə
də bağlı ola bilər. Bunun həm də, Qərb tərəfindən ciddi dəstəklənmədiyini görən
Paşinyanın Rusiya tərəfindən devrilmə ehtimalını zəiflətmək istəyi ilə də bağlı
olması mümkündür. Buna görə də Paşinyan Rusiya ilə münasibətlərə daha çox önəm
verməyə çalışır. Ermənistanın KTMT ilə münasibətləri guya fərqli bir müstəviyə
daşımaq istəyi Paşinyan iqtidarının öz hakimiyyətini uzatmaq arzusu ilə
bağlıdır. O, ən azından növbədənkənar parlament seçkilərinə qədər Rusiya tərəfindən
atılacaq de-marşlardan sığortalanmağa çalışır”.
Seymur ƏLİYEV
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir