Görkəmli tarzən erməni həyasızlığına etiraz etdi
İşğaldakı Azərbaycan torpağı olan Dilicanda ermənilərin təşkilatçılığı ilə 6-cı beynəlxalq incəsənət səergisi keçirilib. Sərgidə ermənilər Azərbaycana aid bir sıra musiqi alətlərini, eləcə də tarı ermənilərə məxsus alət kimi təqdim edib.
Bu günə qədər Azərbaycana
aid əksər maddi-mənəvi dəyər və abidələrə iddia irəli sürən, bunları öz
adlarına çıxmağa cəhd edən ermənilərin bu kəs musiqi alətlərimizə əl uzatması
erməni həyasızlığının yeni bir nümunəsi kimi dəyərləndirilə bilərmi? Milli
musiqi alətlərimizi qorumaq, onların dünya ictimaiyyətinə ermənilərə məxsus alətlər
kimi çatdırılmasını önləmək üçün hansı addımlar atılmalıdır?
Moderator.az Sherg.az-a istinadən
xəbər verir ki, tarzən Ayaz İmranov baş verənlərin ciddi narahatlıq doğurduğunu
vurğuladı:
“Ermənilərin Azərbaycanın
milli musiqi aləti olan tarı beynəlxalq sərgidə özlərinə məxsus musiqi aləti kimi
təqdim etməsi saysız-hesabsız erməni həyasızlığının davamı kimi qiymətləndrilməlidir.
Ermənilərin bu iddiası onların nə qədər riyakar və simasız olduğunu göstərməklə
yanaşı, həm də nə qədər aciz və milli-mənəvi dəyərlərdən məhrum toplum olduğunu
göstərir. Çünki özü dəyər formalaşdıran, dəyər yarada bilən heç bir xalq başqa
bir xalqın dəyərlərinə iddia etmir. Buna yalnız o toplumlarda rast gəlmək
mümkündür ki, onlar ortaya öyünə biləcəkləri yüksək bir dəyər, ali bir mədəniyyət
ortaya qoya bilmirlər. Ermənilər məhz belə toplumlardandır. Ona görə də Azərbaycan
xalqına məxsus maddi-mədəniyyət və incəsənət nümunələrini öz adlarına çıxmaqla
sivilizasiyalı dünyaya özlərini mədəni bir toplum kimi təqdim etməyə
çalışırlar.
Tar sadəcə musiqi aləti
deyil. Tar həm də xalqımızın tarixinin ayrılmaz bir parçası, onun ruhi-mənəvi
dünyasının bir hissəsidir. Tar həm də xalqımızın xarakterinin, onun əxlaq və mənəviyyatının
simvoludur. Təsadüfi deyildir ki, böyük Çin filosovu Konfutsi hər bir
xalqın milli musiqini o xalqın
xarakterini müəyyən edən ölçü vahidi kimi dəyərləndirib. Konfutsi deyirdi ki,
bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin.
Bu fikirlərdə çox böyük həqiqət
var. Doğrudan da, heç nə xalqın xarakterini onun musiqisi qədər dəqiq əks
etdirmir. Bu isə o deməkdir ki, ermənilər tara əl uzatmaqla xalqımızın mənəvi
dünyasına, onun tarixinə, mübarizə ruhuna əl uzatması deməkdir.
Ümumiyyətlə, Azərbaycan
xalqı ilə onun milli musiqi aləti olan tarın taleyi arasında da qəribə bir oxşarlıq
var. Xalqımız kimi tarımız da bu günümüzə qədər ağır və keşməkeşli yol keçib.
Xalqımız kimi tarımıza da zaman-zaman müxtəlif hücumlar, qərəzli yanaşmalar
olub. Sovet dönəmində bu cür yanaşmalara daha çox rast gəlinir. Hansı ki, hələ
o dövrdə Azərbaycan xalqının mərhum şairi Mikayıl Müşfiq “Oxu tar” şeiri ilə
tara qarşı hücumlara üsyan etmiş, tarın xalqımızın mənəvi-mədəni həyatının bir
hissəsi olduğunu poeziyanın əsrarəngiz dili ilə ortaya qoymuşdur. Yəni xalqımız
tarı öz həyatı, canı və qanı bahasına tarixin keşməkeşli sınaqlarında qoruyaraq
bu günümüzə gətirib çıxarıb. Bu gün onu qorumaq, ona sahib çıxmaq isə bizim hər
birimizin mənəvi borcudur.
Hesab edirəm ki, ermənilərin
milli musiqi alətimiz olan tarla bağlı atdıqları bu addım cavabsız qalmamalı, erməni
yalanları fakt və sübutlarla dünya ictimaiyyətinə çatdırmalıdır.
Artıq bir neçə ildir ki, Heydər
Əliyev Fondu Azərbaycan milli musiqisinin təbliği istiqamətində ciddi addımlar
atmaqdadır. Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın səyləri
nəticəsində Azərbaycan muğamı, onun bütün komponentləri, eləcə də milli tarımız
beynəlxalq aləmdə təbliğ edilməkdə, tanıdılmaqdadır. Bu, milli musiqimizin,
musiqi alətlərimizin və muğamımızın təbliği baxımından misilsiz bir addımdır.
Bununla yanaşı, bizim hər
birimiz milli mədəniyyətimizin elementlərinin təbliğində yaxından iştirak etməli,
erməni yalanlarının ayaq açıb yeriməsinə imkan verməməliyik. Biz erməni riyakarlığını
ifşa etməklə göstərməliyik ki, bu toplum öz milli-mənəvi və mədəni kasadlığını
başqa xalqlara məxsus dəyərləri mənimsəməklə pərdələməyə çalışır. Və heç cür
anlamaq istəmir ki, özü bir dəyər yaratmayan xalqa hər hansı bir dəyəri
yaşatmağa, onu ayaqda tutmağa qadir deyil”.
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir