Livanın paytaxtı Beyrut şəhərində akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı nəşr edilib.
Livan, Suriya, Fransa və erməni nüfuzunun yüksək olduğu digər ölkələrdə Qarabağla bağlı bu qəbildən olan kitabların nəşr edilməsi ölkəmizin maraqları baxımından ikiqat önəm kəsb edən məsələ kimi dəyərləndirilə bilərmi? Bu, erməni yalanlarının ifşası, habelə bu ölkələrdə ictimai rəyin Azərbaycanın xeyrinə dəyişilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bu cür addımları vacib və təqdirəlayiq hesab etdiyini vurğuladı:
“Qarabağ həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Ermənilər uydurduqları saxta tarixi yüz ildən artıqdır ki, dünyaya sırımaqdadırlar. Onlara bu işdə dünyanın iri gücləri və müəyyən masson birlikləri kömək etmişdir. Ötən əsrin sonlarında onların yalanlarına qarşı Avropada və ABŞ-da çıxış edib ifşa edənlər olmuşdu. Amma indi Azərbaycan dövlətinin bu sahədə apardığı siyasət oz bəhrəsini verir. Xatırladım ki, bu işdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əvəzsiz xidmətləri vardır. Birbaşa akademik Yaqub Mahmudlunun rəhbərliyi altında ermənilərin yalanları ifşa olunmuş və Qarabağ həqiqətləri uzaq Çindən başlayaraq Hindistan, Avropa, Amerika, ABŞ və Rusiyaya obyektiv şəkildə çatdırılmışdır. Artıq bu ölkələrdə ermənilərin yalançı siması ictimaiyyətə bəlli olmuşdur.
Ermənilər bütün sahələrdə uduzmaqda davam edirlər. Dünya onların yalançı simasını görür və bir daha şahid olur ki, onlar yalan tarix yazmaqla dünya elmini uzun illər aldada bilmişlər. Bu ölkələr içərisində Ərəb ölkələri xüsusi əhəmiyyət kəsb edir. Bilirik ki, Livanda, Suriyada erməni nüfuzu yüksəkdir. O cümlədən Avropada Fransada da onların nüfuzu yüksəkdir. Bu mənada akademik Ramiz Mehdiyevin Qarabağla bağlı kitabının Livanda nəşr edilməsi çox böyük bir hadisədir. Təsəvvür edin ki, erməni yalanlarının at oynatdığı Livan kimi bir ölkədə nəşr olunan bu kitab erməni yalanları darmadağın edir. Çünki bu kitab qiymətli mənbələrə və arxeoloji materiallara əsasən Qarabağın həqiqi tarixini ortaya qoyur. Buna görə də biz də BAO olaraq bu addımı dəstəkləyirik. Hesab edirik ki, bu, davamlı olmalıdır. Bəli, Fransa kimi ölkələrdə də bu istiqamətdə fəaliyyəti daha da artırmalıyıq. Bilirik ki, Fransada Heydər Əliyev adına Fond böyük iş aparır. Apardıqları bu işin bir istiqaməti də Qarabağın həqiqi tarixinin Fransa ictimaiyyətinə çatdırılmasıdır. Təbii ki, bu işlər daha da genişlənəcəkdir. Bu, həm də Allahın lütfüdür. Çünki Azərbaycan tolerant bir ölkə olmaqla bütün insanlara qucaq açır, onlara qarşı həmişə böyük sayğı ilə yanaşır. Ermənilər də vaxtilə bu münasibətdən istifadə edərək, burada məskunlaşmış, sonra da yalançı tarix uydurmuş və torpaqlarımızı öz havadarlarına arxalanaraq işğal etmişdir. Artıq bu yalanlar ifşa olunur. Ermənilər yaxşı bilirlər ki, qüdrəti hər gün artan Azərbaycan bu işğalla barışmayacaqdır və öz tarixi ərazilərini qaytaracaqdır. Bu gün diplomatiyamızın uğurları onları daha da çaşdırmışdır. Bu mənada biz ideoloji cəbhəni daha da gücləndirməliyik!!! Biz, vətənimizin bir qarış torpağını da düşmənə verə bilmərik!!! Bu işdə ideologiyanın xüsusi rolu vardır!!!”
Seymur ƏLİYEV