Suriyada Rusiyaya məxsus hərbi kəşfiyyat təyyarəsinin vurulması regionda gərginliyin bir qədər də artmasına səbəb olub. Dünya mediasında baş verən hadisəyə görə İsrailin məsuliyyət daşıdığı ilə bağlı informasiyalar yer almaqdadır. Artıq Rusiya rəsmiləri arasında dolayısı ilə İsraili hədəf alan açıqlamalar da səslənir.
Məlum olay İsraillə Rusiya arasında ciddi hərbi konfiliktə çevrilə bilərmi? Suriyada iki dövlətin açıq şəkildə üz-üzə gəlməsi ehtimalı varmı?
Moderator.az-a açıqlama verən politoloq Sədrəddin Soltan İsraillə Rusiya arasında həm indi, həm də gələcəkdə açıq qarşıdurma ehtimalının olmadığını vurğuladı:
“Bu gün həm Rusiyanın prezidenti, həm də müdafiə naziri bəyan etdi ki, Rusiya təyyarəsini İsrail vurmayıb. Putin dedi ki, bu bir faciədir və bu faciənin səbəbi araşdırılır. Ehtimal edilir ki, təyyarə Bəşər Əsədə bağlı qüvvələrə məxsus hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Çünki həmin vaxt İsrail Suriyaya raket zərbələri endirirdi. Bu qarışıqlıqda da B.Əsədə məxsus qüvvələr Rusiya təyyarəsini vurub. Məsələ ilə bağlı araşdırma gedir. Lakin baş verənlərin İsrailə aid olmadığını Rusiya tərəfi bəyan etdi.
Gün ərzində Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı da gözlənilir. Hesab edirəm ki, bu danışıqda sadəcə vurulan rus təyyarəsi deyil, Soçidə Ərdoğanla Putin arasındakı görüş haqqında da danışılacaq.
Zənnimcə, İsraillə Rusiya arasndakı təyyarə böhranı ilə bağlı məsələ artıq öz həllini tapıb. Bununla bağlı ciddi bir insidentin baş verəcəyini gözləmirəm. Suriyada İsrail və Rusiya arasında hərbi qarşıdurmanı istisna edirəm. Gələcəkdə bu ölkələr arasında hər hansı bir qarşıdurma baş verərsə belə, ortada nə Rusiya, nə də İsrail görünəcək”.
Seymur ƏLİYEV