“Bu səfər Azərbaycan-NATO münasibətlərinin göstəricisi sayıla bilər”
Sentyabrın 20-də NATO baş katibinin müavini R.Qottemüllerin Azərbaycana səfəri gözlənilir.
Maraqlıdır, bu səfər Azərbaycan-NATO
münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanmasına səbəb ola bilərmi?
Moderaror.az-a açıqlama
verən millət vəkili Elman Nəsirov Azərbaycanın NATO ilə münasibətlərin
inkişafında maraqlı olduğunu vurğuladı:
“Bu səfər Azərbaycan-NATO
münasibətlərinin bir göstəricisi sayılmalıdır. Azərbaycan dövləti ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi çoxvektorlu, balanslı, tarazlaşdırılmış xarici
siyasət kursu həyata keçirir. Cənab İlham Əliyev isə bu kursu çox sürətlə dəyişən
dünyamıza adekvat olaraq davam etdirir. Azərbaycan beynəlxalq təşkilatlarla da əlaqələrin
inkişafında maraqlıdır. Burada əsas şərt bərabərhüquqlu, qarşılıqlı etimad və
inama söykənən, bir-birinin daxili işlərinə qarışmamaqdır. Azərbaycan-NATO
münasibətlərinə də bu prizmadan yanaşmaq lazımdır.
Azərbaycan NATO-nun müxtəlif
poqramlarında iştirak edib. 1994-cü ilin may ayından “Sülh naminə tərəfdaşlıq”
proqramına qoşulub. Azərbaycan NATO ilə birlikdə Əfqanıstanda sülhün və təhlükəsizliyin
təmini prosesində də fəal iştirak edir. Biz logistik və nəqliyyat imkanlarımızdan
istifadə üçün şərait yaratmışıq. Azərbaycan son vaxtlar Əfqanıstanda xidmət edən
əsgərlərinin sayını iki dəfə artırıb və onların sayı 120 nəfərə çatıb.
Lakin bunu da unutmaq
olmaz ki, Azərbaycan 2011-ci ildən Bloklara Qoşulmamaq Hərəkatının üzvüdür. Bu isə
o deməkdir ki, Azərbaycan hər hansı hərbi blokda təmsil olunmağı hədəf seçməyib.
Həmçinin, Azərbaycan ərazisində heç bir dövlətin və hərbi təşkilatın hərbi
bazası yerləşə bilməz.
Biz NATO ilə münasibətlərin
dərinləşməsində maraqlıyıq. NATO da bunda
maraqlıdır. Lakin bu əməkdaşlıq üzvlük məsələsini özündə ehtiva etmir. Ancaq
qeyd etdiyim kimi, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə töhfə verən bir
ölkə kimi NATO ilə əməkdaşlığın genişlənməsində maraqlıdır”.
Seymur ƏLİYEV
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir