Suriyada rus hərbi təyyarəsinin vurulmasından sonra Rusiyada İsrailə qarşı tənqidi bəyanatların sayı artmaqdadır. Bu gün Rusiya Dövlət Dumasının təmsilçilərindən biri Kremli İsrailə “S-400” və “İsgəndər” raketləri ilə zərbə endirməyi təklif edib ki, bu da iki dövlət arasıdna hərbi qarşıdurma ehtimalını yenidən gündəmə gətirib.
Rusiyanın hərbi konteksdə İsrailəq arşı hansısa addımlar atması mümkündürmü? Kreml İsrailə eyni şəkildə göz dağı verməklə onu cəzalandıra bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bu ehtimalı yüksək hesab etmədiyini qeyd etdi:
“Hesab edirəm ki, bütün bu suallara Rusiya Federasiyasının prezidenti Putin öz çıxışı ilə aydınlıq gətirdi. O, öz çıxışında qeyd etdi ki, bu hadisəni Türkiyə tərəfindən rus təyyarəsinin vurulması ilə müqayisə etmək olmaz. Türkiyə ilə bağlı olayda rus təyyarəsinə məqsədli şəkildə atəş açılmışdı. Burada isə İsrail tərəfi Rusiya təyyarəsini hədəf seçməmişdi. Onların məqsədi tamamilə başqa idi. Onların hədəfi müəyyən obyektlər olub. Bu qarışıqlıq zamanı səmada Rusiya təyyarəsi görünüb və Suriya qoşunları bunu təsadüfən vurub. Putin bunu böyük bir faciə adlandırdı. Lakin bu o demək deyil ki, biz də İsrailə qarşı buna oxşar hansısa addım atmalıyıq. Putin qeyd etdi ki, əsas məqsədimiz bu məsələni araşdırmaq və gələcəkdə belə halların baş verməsinin qarşısını almaqdır.
Suriyada müharibə gedir. Suriya od içindədir. Burada müxtəlif qüvvələr var. Müharibə başa çatmayıb. Təbii ki, belə olan halda insanlar da həlak olacaq, təyyarələr də vurulacaq və s. Yəni itkilər qaçılmaz olacaq. Bu reallıqla hər bir kəs barışmalıdır”.
Seymur ƏLİYEV