“Boynuna qoyuluncaya qədər döyün!” - VI məqalə
Repressiyanın 80 illiyinə həsr olunur...
V məqalə
burda: http://www.moderator.az/news/240578.html
Əvvəlki məqalələrimin birində o zamankı Azərbaycan
Yazıçılar İttifaqının katibi S.Şamilovun M.Müşfiq haqqındakı ittihamlıarını
(“Müşfiq nə üçün Səməndər kimi əfsanəvi bir quş
ilə maraqlanır, ancaq bizim sovet qurluşu ilə maraqlanmır, bizim sovet qəhrəmanları
ilə maraqlanmır. Baх bu Səməndər sizin fikrinizə haradan gəlib?” və s.) yada
salmışdım. M.Müşfiqin adını çox adamlar “qara tribuna”da dilinə gətirdi. Tərəddüddə
qalanlar da oldu, amma Müşfdiq itkisi ədəbi-tarixi yaddaşımızda bir nisgilə
çevrildi. Bəraətdən sonra da M.Müşfiq ağrısı bitmədi... R.Rza “Qızılgül
olmayaydı” poemasındakı etirafında səmimi idi. O zamanın üç canlı şahidi,
Müşfiqin ən munis dostları, sirdaşları (R.Rza, N.Rəfibəyli, M.Müşfiqin həyat
yoldaşı Dilbər) sağ qalmışdı və indi başlarını aşağı salıb, bir-birinin gözünün
içinə baxmadan M.Müşfiqi və həmin faciəli illəri yad edirdilər:
Səndən nə gizlədim,
o ağır gündən sonra
doğrudur,
dostluğumuzu danmadım.
Amma həm inandım, həm inanmadım.
Uzun zaman qara şübhələr
məni incitdi yaman.
Amma nəticə birdir-
apardılar, demək müqəssirdir...
Bu nəticəyə gələndə mən
bir səs qalxırdı sinəmdən:
Bəs günahı nədi,
bəs cinayəti nədi?
-Düşündüm mən də
müqəssirdir, əgər
cəzasını çəkər,
minlərlə
başqası kimi.
-Çəksin!
Fəqət, müqəssirdir əgər
neçün xalq qabağında
qurulmasın məhkəməsi?
“Xalq düşməni”
adıyla güllələnənlər, əslində xalq qarşısında, açıq-aşkar mühakiməyə çəkilməli
deyildimi? Zirzəmilərdə, bağlı, sirli məkanlarda məhv edilən insanlar haqqında ən
yaxın dostlar belə illər boyu şübhəli-şübhəli düşünməli oldu.
Doğrudur,
ona namərd şilləsi kimi vurulan
imzalar içində
mənim imzam
olmadı.
Heç kəs məndən iltizam almadı.
Lakin,
lakin necə sakit deyim ki,
səsim gəldikcə bağırmadım.
Xalqı
ədalətsiz bir hökmü pozmağa
çağırmadım...
Elə poemanın özündə də cavablar səsləndirilir: “Bir
zaman ki, cinayətin qanlı ləpirlərini cinayət süpürürdü, bağırmaq olardımı, elə
bir gündə?!”
Dostlar və sevgili qadın əllərində M.Müşfiqin kədər və
nisgil rəngli dəftəri yana-yana xatırlayır və əl yazmasına baxır, misraları
oxuyurlar:
Bir bura bax,
sınmış qələm ucunun
kağızda yeri qalıb.
Bir də yarımçıq şeirin
Dağınıq sətirləri qalıb:
“Bəs niyə nadanlar məni incidir?
Mən bu xoş bahardan necə ayrılım?”
“İnqilab” sovet ədəbiyyatında müqəddəs, ali hisslərlə
sevilməli və qorunub saxlanılmalı bir dəyər kimi vəsf edilirdi. “İnqilab” ədalət,
haqq, bərabərlik, əxlaq və mənəviyyat kimi dəyərlərin məcmusutək beyinlərə
yeridilirdi. Və R.Rza da, S.Vurğun və digər sovet yazarları da bu tendensiyanın
təbliğçiləri olmuşdur.
Biz inanmışdıq ki,
inqilab üçün belə gərəkdir.
Kim yolumuzda
əngəl olsa
adı yer üzündən silinəcəkdir...
Müəllif qorxu, təşviş hissini də etiraf edir.
“Doğrudur, Müşfiqi apardılar –deyib kitablarını ev-ev qaçırmadım, şəklini, məktublarını
cırmadım... Amma götürdüm hamısını ilk baxışdan gözə görünə biləcək qəfəsəsindən
kitabxanamın, gizlətdim göz yaşında möhrü çaylaq daşı kimi hamarlanmış köhnə
canamazında anamın”- deyir...
Poemada müəllif
şair dostunun ağrısının bitməyəcəyini bəyan edir. Cəza alacaq adamlarla
hesablaşmaq da gecdir artıq:
Onlar - sonra quzu görünən
eks-fironlar
intiqama da layiq deyillər...
İndi onlar: “Biz bilmədik”-deyirlər...
Bəli, qatillər 20 il sonra cəzalandı, qurbanlar bəraət
aldı, dostlar, qohumlar, şairlər, şahidlər isə xatirələrini, nisgillərini,
ağrılarını kitablara, sənədlərə köçürdü...
R.Rza da yazdığı misralardan, şeirlərdən sıxılır, özünü günahkar bilir,
“şəfa deyil söz məlhəmi”- deyərək bəraətlə geri dönə bilməyəcək qurbanların
ruhu qarşısında sükuta qərq olurdu.
Sıramıza pasport alan
neçə namuslu vətən oğlu
neçə ev, neçə ocaq
təmizləndi ləkədən.
Ağır günlərin vahiməsi
Günbəgün bir cani kimi
Qovulur böyük bir ölkədən.
Amma qəlbin böyük ağrısına
Şəfa deyil söz məlhəmi.
Minbir ümumi sevinc
Dağıdarmı bir həsrətdən
Bir ölümdən qovan qəmi?
Artıq neçə on illərdir ki, repressiya
mövzusunun araşdığıcıları ilə bu mövzudan sui-istifadə edib öz ambisiyalarını cəmiyyətə,
ədəbi ictimaiyyətə təlqin edən “qarışdırıcılar”ı ayırmaq problemimiz yaranıb.
H.Cavidin bir dramını belə oxumayan, S.Vurğunun, M.Müşfiqin və başqalarının
yaradıcılığını mükəmməl öyrənməyən müəlliflər qəflətən özlərini yada salmaq və
kimlərinsə diktəsini yayımlamaq üçün ölüləri mühakimə edir. Son zamanlarda bu
cür kompaniya S.Vurğunla bağlı yenə fəaliyyətə başladı. Xalqın S.Vurğun
sevgisini onun əlindən almaq olmur, amma xalq bəzən söz sahibi olmaya da
bilir...
Qəribədir, repressiya
qurbanları bəraət aldıqca sovet şair və yazıçılarını dar ağacı altına sürükləyirik
sanki. Doğrudanmı, biz mütləq günahkarları şair və yazıçılar arasında
axtarmalıyıq? İctimai-iqtisadi formasiyaların, quruluşların, qərb və şərəq
dünyası qarşılaşdırmalarının, dini, irqi ayrıseçkiliklərin törətdiyi daimi düşmənçilik
mübarizəsinin, iqdisadi maraqların, dünya ağalığı, imperializm, müstəmləkə
siyasətinin nəticəsi olaraq dünyanın mənzərəsi dəyişir. İnqilablar, dünya
müharibələri insanların və insanlığın taleyinə ağır zərbələr vurur. Bu cür
böyük hərəkatlardan birinin başlanması XX əsruin əvvəlində Oktyabr inqilabı ilə
bitdi... Və bizim üçün hər şey elə bil bu tarixdən başladı...
Zaman o zaman oldu ki,
hayqırmaq, vicdan meyarları ilə mübarizəyə qalxmaq imkanı sıfıra endirildi. Söz
ancaq “hakim”lərin, hökmdarların idi... Meydan bir cəllad kötüyünü
andırırdı...
Qılınclar toqquşub iş görən
zaman
Neylər dediyiniz quru bir
vicdan? (S.V)
H.Cavidlə, Ə.Cavadla
S.Vurğunu repressiya zamanının həqiqi mənzərəsini unudaraq qarşılaşdırırlar çox
zaman. H.Cavidlə S.Vurğunun arasında 24 illik yaş fərqi vardı. H.Cavidin əqidəsi,
ideya yolu İranda, Türkiyədə aldığı təhsilin, xarici ölkələrdə gördüyü
ictimai-siyasi, sosial-mədəni mühitin təsiri ilə müəyyənləşmişdi. H.Cavid böyük
bir ədəbi məktəb, bədii-estetik, elmi-mədəni konsepsiyalar təriqətini mənimsəyib
sənətə qədəm basmışdır. Müsavat hakimiyyətinin tərəfdarı, türk dünyası yazarı,
T.Fikrət, R.Tofiq təliminin yetirməsi idi. Romantik, bəşəri, qlobal mövzular müəllifi
kimi XX əsrin 20-30-cu illərində Azərbaycan ədəbiyyatında yad, zamana və mühitə
aidiyyatsız kimi görünürdü hətta... İnqilab, partiya, kolxoz, kollektivləşmə
şüarları, bayraqları onun başı üzərində dalğalanırdı. Amma H.Cavidi ilhama gətirə
bilmirdi... M.Müşfiq yaradıcılıq baxımından H.Cavid yolunun yolçusu olmasa da,
sosial-siyasi baxış etibarı ilə onun davamçısı, əqidə, amal yoldaşı idi...
Yaradıcılığa müsavatçı kimi başlayan, bu yöndə siyasi fəaliyyətini belə uzun
müddət davam etdirən C.Cabbarlı daxili təbəddülatlarına 1927-ci ildə yazdığı
“Od gəlini” əsəri ilə son qoydu və 1928-ci ildə sovet hakimiyyətinin ideoloji
tezislərindən biri olan “qadın azadlığı” məsələsini “Sevil” pyesi ilə
reallaşdırdı... C.Cabbarlı kimi mübariz insanı artıq erkən başlayan psixoloji
repressiya dalğası sovet ədəbiyyatı dairəsinə sala bilmişdi. Və ədəbiyyat
tarixində ilk sovet dramaturqu statusuna qədər dəyişdirilən C.Cabbarlı
kolllektivləşmə, kolxozlaşma (“Almaz”, “Dönüş”, “Yaşar”) beynəlmiləlçilik
(“1905-ci ildə”) və s. mövzular ampluasına gətirildi... Bəzi araşdırıcıların
qeyd etdiyi kimi, C.Cabbarlı sovet hökumətini ona görə qəbul edib, onun bayrağı
altına keçmədi ki, “mədəni inqilab” uğurlarına valeh oldu, ona görə müsavat
yazarından sovet dramaturquna çevrildi ki, daima təhdid və təqib altında
yaşadı. Həqiqi müstəqillik mübarizəsinə inamını itirmiş C.Cabbarlı öz
anti-sovet həmkarları haqqında sözünü açıq-aşkar çıxışlarında bildirirdi...
S.Vurğun Azərbaycanın əyalətində
(Qazax müəllimlər seminariyasında) təhsil almışdır. Azərbaycanda sovet hökuməti
qurulanda onun 14 yaşı vardı. S.Vurğunu zamanın, sovet, sosialist nəzəriyyələrinin
diktəsi, tərbiyəsi formalaşdırdı. Eləcə də R.Rza, S.Rüstəm, S.Rəhimov,
M.İbrahimov, M.Hüseyn, M.C.Paşayev və başqalarını...
S.Vurğun 1933-cü ildə “Azərbaycan”
şeirini yazır, 1937-ci ildə bir neçə həftənin içərisində “Vaqif” mənzum
dramını. Konkret olaraq onu repressiya qurbanı kimi güdaza verməyin
materiallarını, anti-sovet, anti-stalinizm faktlarını həm 1931-ci ildə yazdığı
“Komsomol” poemasında, həm “Azərbaycan” şeirində, həm də “Vaqif” dramında
tapmaq olardı... Necə ki Ə.Cavadın “Göy göl”, M.Müşfiqin “Oxu tar” əsərlərini
siyasiləşdirmək mümkün olmuşdur...
Alimlər, tədqiqatçılar
görəcəyi işi ictimai auditoriyadan gözləmək mümkün deyil. Bu gün çox hallarda
S.Vurğunu təbliğ etmək istəyənlərin “xeyiri” onu inkar, tənqid edənlərin ziyanı ilə üst-üstə düşür.
S.Vurğunu sevmək hələ onu lazımı qaydada təqdim etmək demək deyil. Məsələn, mən
şairə həsr edilmiş tədbirlərin birində S.Vurğunun “Ceyran” şeirində
ictimai-siyasi motiv axtaran araşdırıcının çıxışını dinlədikcə şairin bu
zamandakı ədəbi taleyinə də acıyası oldum... Artıq 25 ildir ki, ədəbiyyatşünaslığımızın
qarşısında S.Vurğun yaradıcılığını, ümumiyyətlə, klassik və XX əsr sovet ədəbiyyatı
tarixini yeni, müstəqillik və azadlıq, demokratiya şəraitinin prinsipləri ilə
araşdırmaq vəzifəsi dayanıb. Həmin dövrün faciəsini S.Vurğunun “Komsomol”
poeması, “Vaqif” dramı qədər psixoloji incəliklərlə açan başqa bir əsərə rast gəlmək
çətin olar. Onun Gəray bəy obrazı 1960-cı illər ədəbiyyatımızdakı “yeni nəsr”in ziddiyyətli xarakter axtarışlarındakı ən
uğurlu sələf idi. İstər Cahandar ağa (“Dəli kür”), istərsə Kərbalayı (“Qarlı
aşırım”) və başqa bu xarakterli obrazlar onun xələfi idi...
S.Vurğun “Komsomol”
poemasını 1931-ci ildə yazdı. Onda hələ repressiyanın güllə səsləri bütün küçələrdə
eşidilmirdi. S.Vurğun bu poemasında
anlaşılmaz, ziddiyyətli durumun faciə qəhrəmanlarını yaratmışdı. Bəxtiyar
obrazı baş qəhrəman idi, Gəray bəy də. Və şair hər iki mövqeyi zamanın məğlub tərəfi
kimi canlandırırdı. Hər iki cəbhədə rus-sovet sisteminin vurduğu yaraların
ağrısı ifadə olunurdu. Bəzən S.Vurğunun bu misralarını misal gətirib onu
repressiya qurbanları ilə qarşılaşdırırlar:
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!..
Amma elə bu misraların əvvəlində
bu fikir də səsləndirilir:
Nədən söyləməsin ana
dililə
Öz odlu nitqini yoldaş
komissar?
Türkcə danışmasın sevgilisilə...
Bu mənhus adətdə böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar!
S.Vurğun Azərbaycan ədəbiyyatında
ən aydın ictimai-siyasi görüşləri olan və açıq sözlü müəlliflərdən biri idi.
S.Vurğunun adı dəfələrlə əksinqilabçılar siyahısına düşmüşdü. Amma o istər
yazdığı əsərlərin ideyasına, istərsə də sovet hakimiyyətinin təbliğat
strategiyasına görə sosialist mövqeli idi. Repressiya illərində Lenin, Stalin,
Moskva və partiya haqqında ən alovlu şeirlər onun qələmindən çıxdı. Amma onun əqidəsində
inqilaba inam, inqilabın qələbəsini qoruma tendensiyası danılmazdır:
O yanda Bəxtiyar, yanında
Cəlal:
- Olsun inqilaba qanımız
halal, -
Deyib vermişdilər elə baş-başa,
Onları meydanda qoyub Mirpaşa
Qaçıb soxulmuşdu qaranlıqlara...
Poemada Mirpaşa obrazı
“allahsız” kimi təsvir edilir. “Allahsızlıq” sovet ideologiyasının ana təlqinlərindən
biri idi. Allaha ünvanlanacaq sevgilər sosializmə, leninizmə, kommunizmə,
stalinizmə yönəlməli idi. Ona görə də məscidlər təhqir edilir, dini kitablar təhrif... S.Vurğun isə həmin illərdə yazırdı:
Əsrlər boyunca o əzan səsi,
İnsanın insanla mübarizəsi
Sizə əfsanələr kimi gəlməsin,
Göydən tökülməmiş nə Tanrı, nə din.
Bəşər bu yolları keçəydi gərək,
Böyük addımlarla gəlir gələcək...
O məscid, o əzan, ordakı insan,
Onların ən gizli sirrinə dalsan,
Hər biri vaxtında yeni bir xəbər,
Hər biri vaxtında canlı bir əsər...
Bəşər vicdanını bağlamış
ona,
İnanmışdır onun haqq olduğuna.
İştə, o zamandan, o gündan bəri
Gəlib dolandıqca ömrün illəri.
Hər könül olmuşdur ibadətxana,
İşləmiş ürəyə, qarışmış qana.
Və şair çox cəsarətlə bəyan edirdi ki, insanların qəlbinə
hakim olan bu cür müqəddəs duyğular “əmrlə insanın çıxmaz canından”...
Bir də, komsomolçu deyil xuliqan
Ki, onun ağlına nə gəlsə tutsun.
Ar olsun, doğrudan, sana ar olsun!
Gəray bəyin dilindən
deyilən “O top səslərinin
altrında bu gün Əli lüfəng tutan nə
varsa bütün Ölür də, Öldürür, lap qiyamətdir! Anlayan yoxdur ki, bu, siyasətdir!”-fikrinin
repressiv məna çalarları diqqəti çəkir...
S.Vurğunun təqibi Stalinin öldüyü ilə
qədər davam edir. 1950-ci illərdə onu
millətçilikdə təqsirləndirir, kitablarına və tamaşalarına qadağa qoyurlar. Və taleyin çox qəribə yazısıdır ki, S.Vurğun
ölən gün qəzetdə M.Bağırovun edam olunması xəbərini eşidir...
1937-ci
ildə R.Axundov ifadə verəndə 54 adamın adı olan (əksinqilabçılar dəstəsi) bir
siyahıya da imza atır və həmin siyahıda güllələnmə əmrindən taleyi yan keçən
Ü.Hacıbəyovun, M.S.Ordubadinin, S.Vurğunun da adı olur.
Aşnin də
göstərirdi ki, bu illərdə S.Vurğunun adı təhlükəli siyahılara tez-tez düşürdü.
Onun haqqında ya cinayət qovluğu yaradılmadı, ya da sonradan həmin qovluq məhv
olundu... Elə ittihamlar edirdilər ki, güllələnmə ilə o günahlandırmalıar
arasında sadəcə bircə addımlıq məsafdə qalırdı. Cəzalar isə davam etməkdə idi.
Hamını ittiham edən Yazıçılar İttifaqının katibi S.Şamilov və İttifaqın katibi
S.Vurğun, eləcə də tənqid şöbəsindən Hidayət Əfəndiyev vəzifəsindən azad edilir. Hətta
S.Vurğunla S.Rüstəm arasındakı söz-söhbətə göz yumduğuna görə M.Hüseyn də cəzalandırılır,
idarə heyətindən çıxarılır.
“Daha 25
fevral tarixində Azərbaycan Dram Teatrının sabiq müdiri Kərimov S.Vurğuna qarşı ifadə verdi. 9 apreldə Ruhulla Axundov
ondan uzun siyahısında “partiyadan kənardakı
millətçilər” kimi bəhs etmişdi. (R.Axundovun mühakimə qovluğu) Əli Nazim
Mahmudzadə onu “əkksinqilabçı və müsavatçı” kimi xarakterizə edirdi. Talıblı 17
avqustda bildirmişdi ki, Nəzərli, Səməd Vurğun, Mehdi Hüseyn, Rəsul Rza və
İsmayıl Hafizdən ibarət “qrup təşkil etmişlər” (H.Cavidin mühakimə
qovluğu) Şairə qarşı müxtəlif adamların
ifadələrini H.Cavidin mühakimə qovluğunda da tapdıq. Sonda M.Müşfiqi də ifadə verməyə məcbur etdilər
və Ə.Cavadın da mühakimə qovluğunda bu cür ifadələrə rast gəlmək olur”. (“Məhv
edilmiş türkoloqlar”)
Adı çəkilən kitabda (“Məhv edilmiş türkoloqlar”) “şanslılar” ifadəsi
bir neçə dəfə çəkilir və bu siyahıya isə Ü.Hacıbəyov, S.Vurğun, R.Rza, S.Rüstəm,
A.Şaiq, M.Hüseyn, M.Rahim, rəssam Ə.Əzimzadə, aktyor M.Əliyev və başqaları
daxil edilir. A.Şaiq 1905-ci ildən
H.Cavidin ən yaxın dostu olmuşdur. S.Rüstəm haqqında isə maraqlı bilgi ilə
qarşılaşırıq. Müəlliflər göstərir ki, Ə.Nazim ifadə verərək bildirir ki,
1925-ci ildə S.Rüstəmin başçılığı ilə Bakı Pedoqoji məktəbin bir qrup məzunu
B.Çobanzadənin dərs dediyi Pedoqoji İnstituta daxil olmağa üstünlük verir. Nəzərli
isə göstərirdi ki, Süleyman Rüstəm 30-cu illərdə “bütün rusları hökumətin
sosial həyatından uzaqlaşdırmağı” tələb edirdi.
Yazıçıların 10-12 iyun 1937-ci ildə olan toplantısında S.Rüstəm ən ağır
tənqid olunanlardan oldu. O, güllələnənlər siyahısına düşmək üzrə idi. Amma
qurtuldu və daha 52 il yaşadı...
Ülvi Rəcəb və
M.Əliyev də siyasi baxışlarına görə eyni
durumda olan adamlar idi, amma Ü.Rəcəb güllələndi, M.Əliyev isə qurtuldu,
sonralar SSRİ xalq artisti oldu...
Ə.Cavadın
mühakimə qovluğunda S.Vurğunun adı iki dəfə çəkilir və onun haqqında da düşünmək
lazım olduğu vurğulanır. Repressiya illərinin şahidləri, əlaqədar qurumların əməkdaşları
1950-ci illərdə verdikləri ifadələrdə təsdiqləyirdilər ki, M.Bağırov
inzibatçılara əmr vermişdi ki, məhbuslar
dindiriləndə “Boynuna qoyuluncaya qədər döyün!” Xalq Daxili İşlər
Komissarlığının əməkdaşı P.Vladimiroviç 1954-cü ildəki ifadəsində deyirdi ki, məhbuslar
lazım olan ifadəni vermək istəməyəndə Bağırov qəzəblənir və deyirdi: “Məlum
olur ki, az döymüsünüz!”... 1952-ci ilə qədər S.Vurğunun daima nəzarət və təqib
altında olması faktını da P.Vladimiroviç ifadəsində təsdiq edirdi... “S.Vurğun Bağırovun təqdimatı
ilə tutuldu, daha sonra “qurtarıcı mələk” rolu oynadı, onu otağına gətirmələrini əmr etdi və şəxsən
orda da azad elan olundu”.
(“Məhv edilmiş türkoloqlar”)
S.Vurğun
yaradıcılığının dəyərli araşdırıcısı Aslan Salmansoy onun haqqında yazdığı məqalələrdə
şairin mütəmadi olaraq repressiya maşınının ağzına atıla biləcək təqib və tənqidlərinin
bir çoxunu müxtəlif mənbələrdən əldə edərək məqalələrində konkret sitatlarla
göstərmişdir. “...Hər halda S.Vurğun özünün yenidən tərbiyəsinə əhəmiyyət verməlidir”
(“İnqilab və Mədəniyyət” j., 1931, №3-4, s.68).
Səməd
Vurğun yoldaşın yaradıcılığı qəti bir günəşə möhtacdır. O, ya birdəfəlik
üçtelli saza yapışmalı, el aşıqları ilə ağız-ağıza verərək “yaşıl dağları, əlvan
buludları, çırpınan titrək könülləri şairanə bir surətdə” təsvir etməli və
yaxud mübariz proletariatın qalibiyyət marşını çalmalıdır”. (“Kommunist” q., 8
may 1931, №102).
Şairin
yaradıcılığının ilk dövrlərində yazdığı şeirlər bu məqalələrdə də inkar
edilirdi: “Səməd yaradıcılığının ilk dövrlərində xırda burjua dünyagörüşünün
şiddətli təsirinə məruz qalmış, qarşısına qoyduğu məsələlərin heç birini
proletar sinfi nöqteyi-nəzəri ilə həll edə bilməmişdir...O bu zamanda tipik bir
romantikə bənzəyir. Şeirləri “bəşəri humanizm” siması daşıyır. İctimai hadisələrə
NEP dövrünün böyük təbəddülat və yeniliklərinə kənardan bir tamaşaçı kimi
baxır”. (“Hücum” j., 1932, №5-6, s.31- 32).
1937-ci
ilin iyununda Yazıçılar İttifaqının rəhbərləri – S.Şamilov sədrlikdən, S.Vurğun
isə katiblikdən azad edilir. Tənqidçilərdən biri yazır: “Necə ola bilər ki,
Ə.Cavadın, H.Cavidin yuvasından çıxmış...Müşfiq İttifaqın plenumunu və “Ədəbiyyat
qəzeti”ni öz tribunasına çevirmişdir. Necə ola bilmişdir ki, Müşfiq kimi xain
düşmən Sovet Yazıçıları İttifaqı rəhbərləri S.Şamilov və S.Vurğunun qanadı
altında son günədək öz kontrrevolyusion pozucu işlərini yerinə yetirməyə imkan
tapmışdır. Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa
olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən
müsavatçı və trotskist quduzlar yox edilməlidir” (“Kommunist” q., 1937, 20
iyun).
S.Vurğunda
poetik talant vardır, bu şübhəsizdir; o da şübhəsizdir ki, inkişaf etməyən, bu
gün Sovet epoxamızın qabaqcıl ideyaları səviyyəsində möhkəm dura bilməyən
talant, mənasız və boş bir şeydir” (“Ədəbiyyat qəzeti”, 20 sentyabr 1937, №39).
V məqalə
burda: http://www.moderator.az/news/240578.html
Ardı var
14.01.2018.
İradə
Musayeva









