Aşura günü ilə əlaqədar olaraq ölkədə qanvermə aksiyaları keçirilir.
Bu cür aksiyaların yalnız Aşura günündə deyil, adi vaxtlarda da keçirilməsi, insanların qan verməyə həvəsləndirilməsi təbliğ edilməlidirmi? Bu, insanların həm şəxsi sağlamlığı, həm də qana ehtiyacı olan xəstələrin qanla təmin edilməsi baxımından məqsədəuyğun olmazmı?
Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy insanların qan verməyə həvəsləndirilməsinin zəruri olduğunu bildirdi:
“Aşura günü qanvermə aksiyasının təşkili müsbətdir. Nədən ki, Azərbaycanda bir cahil təbəqə var və onlar hesab edir ki, Aşura günü özlərini zəncirlə döyməklə, başlarını yarmaqla İmam Hüseynə olan sevgisini izhar edir. İslamda belə bir şey yoxdur və İmam Hüseynin də buna ehtiyacı yoxdur. İnanclı insanlar İmam Hüseynə olan sevgisini daha sivil yollarla izhar etməlidir. Ən başlıcası isə əməlləri ilə. Toplum savadlandıqca yəqin ki, başyarmalar, zəncirvurmalar da aradan qalxacaq. O ki, qaldı qanvermə aksiyasının mütəmadi olaraq keçirilməsinə, bu məsələdə Səhiyyə Nazirliyinin əhali arasında maarifləndirmə işlərinə diqqət ayırması lazımdır. Telekanallar bu işdə mühüm rol oynaya bilər. Belə ki, yüksək qan təzyiqindən minlərlə xəstə əziyyət çəkir. Belə xəstələrin donor kimi ildə 3-4 dəfə qanverməyə cəlb olunması həm onların özləri üçün, həm də, ehtiyacı olanlar üçün çox faydalı olar. Bu aksiyaya sağlam şəxslərin qoşulması isə qan bankının yaranmasına xidmət edər. Kəsəsi, bunu təşkil etmək elə də bir çətin iş deyil. Sadəcə, TV-lərdə səfeh, düşük şoulara, proqramlara yer və zaman ayıranların bu məsələyə önəm verməsi lazımdır. Bir sözlə, toplumun tibbi maariflənməsi gərəkdir. Cəhalətin qarşısını isə yalnız elm ilə, savadla almaq olar”.
Seymur ƏLİYEV