Son vaxtlar erməni mediasında Rusiya və ya MDB ölkələrinə məxsus sülhməramlı qüvvələrin Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində yerləşdirilməsinin mümkünlüyü ilə bağlı fikirlər səslənməkdədir. Düşmən mediasının fikrincə, belə bir addım indiki durumda tərəflər arasındakı gərginliyi azaltmaqla yanaşı, münaqişənin həlli baxımından da müəyyən irəliləyişlərin baş verməsinə şərait yarada bilər.
“Sülhməramlıların bölgəyə gəlişi Qarabağ uğrurda mübarizəni tamamilə mənasız edərdi”
Moderator.az olaraq millət vəkili Zahid Orucla söhbətimizdə bu iddialara və bu iddiaların reallaşacağı təqdirdə yaranacaq yeni situasiyaya aydınlıq gətirməyə çalışdıq.
-Zahid bəy, təmas xəttinə sülhməramlı qüvvələrin gətirilməsi son günlər erməni mediasının gündəmə gətirdiyi əsas məsələlrədən biridir. Hansı ki, bu məsələ Qarabağ müharibəsi dönəmində də müzakirə predmeti olmuş, lakin reallaşmamışdı. Sizcə Azərbaycanın sülhməramlı qüvvələrdən imtina etməsinə səbəb nə idi?
-I Qarabağ müharibəsinin ən ağır dövrlərində belə, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi mümkün olmadı. Çünki Azərbaycan tərəfi bunun ağır nəticələrini hesablayırdı. O illərdə Rusiyanın təmsilçisi kimi danışıqlarda aktiv iştirak edən, lakin prosesi yetərincə düyünə salan simalardan biri olan Vladimir Kazimirov internet resursunda yerləşdirdiyi kitablarında bu haqda yetərincə bəhs edir. O, bu əsərlərində bir millət üzərində oynanılan dramanın bütün açıq və gizli səhifələrini əks etdirib. Mən Azərbaycan cəmiyyətinə səslənirəm ki, bu əsərlərlə tanış olsunlar. O zaman onlar görəcəklər ki, ulu öndər Heydər Əliyev hansı böyük iradə, diplomatik səriştə, sərkərdəlik qabiliyyəti nümayiş etdirərək buna yol verməyib.
Əgər həmin dövrdə Azərbaycanın zəifliyinə, keçmiş hakimiyyətlərinin məsuliyyətsizliyindən istifadə edərək əraziləri itirməyimizə baxmayaraq buna imkan verməmişiksə, bu gün də verməyəcəyik. H.Əliyev o zaman yaranmış şəraitdə üçüncü, dördüncü, beşinci qüvvələrin hansısa ad altında öz hərbi qüvvələrini bölgəyə yeritməsinə, bölgənin tamamilə itirilməsinə imkan vermir. Çünki bu, Qarabağ uğrunda mübarizəni tamamilə mənasız edərdi. Azərbaycanı nəinki nəzəri, həm də praktiki baxımdan digər ölkələrin hərbi qüvvələri ilə üz-üzə qoyardı.
“Bu, həm də ermənilər üçün “təhlükəsizlik koridoru”nun formalaşması demək olacaqdı”
-Sülhməramlı qüvvələrin bölgəyə gəlişi Azərbaycanı daha hansı problemlərlə üz-üzə qoya bilər?
-Təsəvvür edin ki, Qarabağ uğrunda keçmişdə savaş aparan dairələr – məsələn, elə Fransanın, ABŞ-ın, Avropa Birliyinə daxil olan digər dövlətlərin, həmçinin Rusiyanın qüvvələri burada vahid komandanlıq altında, yaxud pərakəndə bir şəkildə prosesə cəlb olunub. Müxtəlif ərazilər ayrı-ayrı qüvvələrə verilmiş formada qorunur. Məqsəd guya iki millət, iki dövlət arasında sədd çəkmək olacaqdı. Nəticə isə tamam fərqli olacaqdı.
Bir tərəfdən təcrübə göstərir ki, bu qüvvələri saxlamaq, onların “boğazının xərcini” çəkmək bahalı bir işdir və bu, çox zaman məğlub olan tərəfin, o zamankı halda isə bu, yəqin ki, Azərbayacnın üzərinə düşəcəkdi. Bu isə bizim indiki inkişafımızdan qoöarılan külli miqdarda vəsaiti hansısa qüvvələrə yedirtmək demək olacaqdı. “Öz ərazisini qoruya bilməyən xalq, mütləq kənar əsgərlərə qulluq edir” kimi klassik misalı doğrultmuş olardı. Ikinci tərəfdən isə, sözün həqiqi məansıdan ermənilər həmin “hərbi divar”ın arxasında çox rahatlıqla indikindən fərqli səviyyədə yaşayacaqdılar. Qarabağ torpaqları üzərində dövlət qurmaq prosesləri genişmiqyaslı olacaq, bu proses dərinləşəcəkdi. Sülhməramlı qüvələrin bölgəyə gəlişi ermənilər üçün “təhlükəsizlik koridoru”nun formalaşması demək olacaqdı.
“Heydər Əliyev Kazimirova sərt şəkildə bildirir ki...”
-Deməli, məhz bütün bunları nəzərə alan Heydər Əliyev bundan qəti şəkildə imtina etdi?
-Bəli.H.Əliyev Kazimirov və digər şəxslərlə söhbətində son dərəcə sərt bir şəkildə Azərbaycanın buna getməyəcəyini vurğuladı. 1994-cü ilin Budapeşt, daha sonra Lissabon sammitində qəbul edilən bəyannamələrdə belə bir müddə yer alıtr ki, hər hansı bir dövlət öz hərbçilərini müstəsna şəkildə 33%-lik tərkibdən çox olmamaq şərtilə bölgədə sülhməramlı qüvvə kimi yerləşdirilə bilər. Lakin bu yalnız böyük sülh müqaviləsindən sonra gerçəkləşdirilə bilər. H.Əliyev uzaqgörənliklə bunu hamıya qəbul etdirirdi ki, bu gün nə qədər də savaş durumunda olsaq da, bir millət olaraq son nəfərimizə qədər bu müharibədə həyatımızı verməyə hazırıq, nəinki kimsə - üçüncü, dördüncü qüvvə gəlib bizi ermənilərdən qorumaq adı ilə Cəbrayıla, Qubdalıya, yaxud digər torpaqlarımızda yerləşdirilsin.
Prinsip ondan ibarət idi ki, tutaq ki, qüvvlər təmas xəttindən 25 km məsafədə hər iki tərəfə doğru zolağı qoruyacaq. Yəni “təhlükəsizlik zolağı” bir qədər də bizə doğru gələcəkdi. Biz bir qədər də torpaq itirmiş olacaqdıq. Hərbi istehkamların qurulması, gündəlik savaşın aparılması, erməniləri itki verməyə məcbur etmək imkanlarımız olmayacaqdı. 2016-cı ilin 4 günlük aprel döyşülərini də mümkünsüz edəcəkdi.
“Sülhməramlı qüvvələr müharibəni önləmək baxımından zəmanət sayıla bilməz”
-Sizcə bu qüvvələrin bölgəyə gəlişi ən azından erməni təxribatlarının qarşısını ala bilərdimi?
-Sülhməramlı qüvvələrin bölgəyə gəlişi erməni təxribatlarının arşısını almayacaqdı. Əsla. Tarixi proseslər Gürcüstanın timsalında sübut etdi ki, o qüvvələr bütövlükdə sülhü təmin etmir və ya müharibənin qarşısını almır. Yəni onlar bunun zəmanəti deyil.
“Doğma torpaqlar üzərində yad çəkmələr görmək istəmirik”
-Hansısa qüvvələr Azərbaycanın iradəsi ilə razılaşdırmadan belə bir addım atmağa təşəbbüs göstərə bilərmi?
-Sülhməramlı qüvvə Azərbaycanın iradəsindən kənar, bizim razılığımız olamdan bölgəyə gətirilə bilməz. Buna ehtiyac da yoxdur. Əgər Azərbaycan 1993-1994-cü illərdə buna yol verməyibsə, Heydər Əliyev kimi nəhəng bir siyasi liderin iradəsi bunu tanımayıbsa, indi prezident İlham Əliyevin liderliyi altında, güclü ordunun bölgəyə nəzarət etdiyi bir məqamda, ən müasir silahların prosesi birbaşa diktə altında saxladığı bir zamanda qətiyyən buna ehtiyac yoxdur. Azərbaycan sülhməramlı qüvvələrin gəlişini əsla istəmir. Yalnız ərazilərimizi işğaldan azad edəndən sonra aralıq dövrü üçün bəlkə də Qarabağın daxilində polis funksiyasını yerinə yetirən han sısa qüvvələr ola bilər. Bu isə İlham Əliyevin liderliyi altında aparılan böyük savaşın nəticəsindən sonra reallaşdırıla bilər. Indiki halda biz ərazimiz üzərində başqa çəkmələri görmək istəmirik.
Seymur ƏLİYEV