Son vaxtlar tələbələrə ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadəsi ilə bağlı təkliflər aktuallaşmaqdadır. Bəzi təhsil ekspertləri hesab edir ki, belə bir güzəştin tətbiqi tələbələrin vəsaitinə qənaət baxımından vacibdir. Tələbələrlə yanaşı, müəllimlərə də bu cür güzəştlərin tətbiq edilməsi arzuedilən yeniliklərdən biri hesab edilir.
Tələbə və müəllimlərə ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadəyə şərait yaradılmalıdırmı? Belə bir addıma ehtiyac varmı?
Moderator.az-a açıqlama verən tanınmış təhsil ekspert, Xəzər Universitetini Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri dosent Vurğun Əyyub tələbələrlə bağlı təklifi dəstəkləsə də, müəllimlərlə bağlı yeni təkliflə çıxış etdi:
“Hesab edirəm ki, bu məsələ bir qədər fərqləndirilməlidir. Müəllimlər niyə bu cür güzəşt istəyirlər? Çünki müəllimə o qədər az maaş verilir ki, müəllim bu şeylərin arzusunda olmağa məcbur olur.
Tələbələrə gediş haqlarında güzəştlərin olması bir çox ölkələrdə var. Azərbaycanda da bunun olması lazımdır. Müəllimlərə güzəştlərin əvəzinə təklif edirəm ki, onların əmək haqları elə bir səviyyəyə qaldırılsın ki, müəllim hər hansı güzəşt haqqında düşünməsin”.
Seymur ƏLİYEV