Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında yer alan tapşırıqlara uyğun olaraq hazırladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın əsas maddələri açıqlanıb. Tədbirlər planında bir sıra yeniliklərin tətbiqi, eləcə də jurnalistlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Təklif müəllifləri hesab edir ki, media əməkdaşlarının mütəmadi şəkildə attestasiyadan keçirilməsi ədəbi dil normalarına riayət baxımından mövcud problemlərin tədricən də olsa aradan qaldırılmasına kömək edə bilər.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu, jurnalistlərin attestasiyadan keçirilməsi təklifini dəstəklədiyini vurğuladı:
“Şübhəsiz ki, bu, ədəbi dil qaydalarına riayət baxımınan vəziyyətin yaxşılaşmasına kömək edə bilər. Çünki Azərbaycan mediasındakı jurnalistlərin əksəriyyətinin ali təhsili yoxdur. Ali təhsili olmayan jurnalistlərdən ədəbi dil normalarının qorunmasını gözləmək sadəlövhlük olardı. Yəqin ki, attestasiya işinə peşəkar jurnalistlər də cəlb olunacaq. Mətbuat Şurasınən, MTRŞ-in nümayəndələrinin bu prosesdə yer alacağını düşünürəm. Habelə, şübhə etmirəm ki, BDU-nun “Jurnalistika” falüktəsinin də nümayəndələri prosesə cəlb ediləcək. Hesab edirəm ki, jurnalistlərlə bağlı belə bir attestasiyanın keçirilməsi öz müsbət səmərəsini verə bilər.
Media hər zaman dəbdə olan peşədir. Jurnalistika hər zaman öz dinamikliyi ilə, yenilikləri ilə seçilən peşə olub. Bu mənada jurnalistikaya axının çox olması təbiidir. Lakin unutmaq olmaz ki, bu sahədə qeyri-peşəkarlar çoxdur.
Biz bəzən informasiyanı normal təqdim edə bilməyən junalistlərlə üz-üzə qalırıq. Bu cür jurnalsitlərdən ədəbi dil qaydalarına əməl etməyi gözləmək mənasızdır. Bu baxımdan media əməkdaşlarının attestasiyadan keçirilməsi təklifinə müsbət yanaşıram”.
Seymur ƏLİYEV