Məlum olduğu kimi, Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edib. Məlum dəyişikliyə görə, bəzi dövlət təhsil müəssisələrinə dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ verilib.
Bu dəyişiklik nə dərəcədə zəruridir? Bu yeniliyin müsbət və mənfi tərəfləri nədən ibarətdir?
Moderator.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov təhsil sahəsində davamlı yeniliklərin zəruri olduğunu vurğuladı:
“Hər şeydən əvvəl onu qeyd edim ki, təhsil elə sahələrdən biridir ki, təkmilləşmə, yeniləşmə, bir sözlə inkişaf və tərəqqiyə daim ehtiyac duyur. Bu isə öz növbəsində Təhsil Qanunvericiliyində müəyyən zəruri dəyişikliklər aparılmasını qaçılmaz edir. Əbəs yerə deyil ki, son bir ildə təkcə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa onlarca dəyişiklik edilib, əlavə maddələr salınıb. Bu baxımdan da təhsil sahəsində inkişafa və tərəqqiyə yönəlik hər hansı bir zəruri dəyişikliyin edilməsi qaçılmazdır.
Bu mənada bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququn verilməsini də belə dəyişikliklərdən biri kimi qəbul etmək olar. Daha konkret və anlaşıqlı dildə desək, Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə etdiyi dəyişiklik o deməkdir ki, nizamnamənin indiyədək mövcud olan variantına əsasən, dövlət ümumtəhsil məktəblərində təhsilin pulsuz olması nəzərdə tutulmuşdu, dövlət məktəblərinin dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququ yox idi. Yeni dəyişikliyə əsasən isə “Təhsil haqqında” qanuna uyğun olaraq, Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
Bu əlbəttə ki, məktəblər üçün bir növ yeni motivasiya, əlavə üstünlükdür, baxmayaraq ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə əvvəllər də ödənişli xidmət göstərməklə bağlı ayrıca maddə nəzərdə tutulmuşdu: “Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.” (10.1)
Məktəblərimizin əksəriyyət qismi 5 günlük tədris həftəsi və bir növbəli rejimdə çalışır. Bu dəyişiklik məktəblərə qanunvericiliklə nəzərdə tutulmuş əlavə xidmətlər göstərməsinə və öz maliyyə mənbələrini və digər çıxarlarını tənzimləməsinə geniş imkan yaradır. Bununla belə, bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququnun verilməsi heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir və “Dövlət təhsil müəssisələrinin dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etməsi” heç də bunun kütləvi xarakter alması və könüllülük prinsipinin pozulması demək deyil...”
Seymur ƏLİYEV