Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın daha çevik və səmərəli şəkildə təşkilatlanmasına, diaspor qurumlarının fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatları ilə diqqət mərkəzindədir.
Görünən odur ki, aparılan islahatlar qısa müddətdə nəticə verib və soydaşlarımızın ölkənin milli maraqları naminə daha sıx birləşməsi formulası, onlara Diaspor Komitəsinin yeni rəhbərliyinin real və konkret dəstəyi xaricdəki bəzi antimilli qüvvələrin narahatlığına, Azərbaycanı istəməyən bəzi dairələrdə qıcığa səbəb olmaqdadır.
İllərdir ayrı-ayrı ölkələrdə yaranan diaspor təşkilatları pərakəndə şəkildə fəaliyyət göstərirdi. Bir təşkilat rəhbərinin sözü, digərinin boğazından keçmirdi. Təbii ki, xalqımıza qarşı olan qüvvələr bundan daha dərin formada yararlanmağa çalışırdı. Diaspor təşkilatlarımızın pərakəndə şəkildə fəaliyyət göstərməsi, əvvəllər Komitə tərəfindən lazımınca koordinasiya edilməməsi xaricdəki düşmənlərə və antimilli qüvvələrə ölkəmiz əleyhinə əks təbliğat aparmalarına, bir sözlə, ermənilərin xeyrinə münbit şərait yaradırdı.
Məsələn, xaricdəki erməni diaspor təşkilatları iri addımlarla ön cərgədə dayanmışdı. Bu da Azərbaycanın ümumi imicinə zərbə idi...
Amma Avropanın əsas aparıcı ölkələrində azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və bu tarixi hadisələrə Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qatqısı artıq Avropada məskunlaşan və erməni himayədarlarının maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan boşboğazların “işinə” maneə yaradıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor qurumlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun təşkilatlanma prosesinin başlanması antimilli qüvvələrin əl-qolunu bağlayıb.
Deməli, konkret hədəflərə hesablanan strategiya və mövcud situasiyanın təhlil edilməsi ilə qəbul olunan qərarlar nəticəsini verməyə başlayıb.
Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib. (modern.az)