Təhsil eksperti prezidentin sərəncamını şərh etdi
Prezident İlham Əliyev 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiq edib. Bu proqram təhsilimiz üçün hansı yeniliklər gətirəcək?
“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, burada söhbət Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin keyfiyyətinin artırılmasından gedir: “Bu, əslində 2013-cü ildə imzalanmış ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ilə başlanıb. Həmin strategiyanın əsas istiqamətlərindən biri ali təhsil müəssisələrində keyfiyyətin artırılması idi. Məlum olduğu kimi, bizim 54 ali təhsil müəssisəmiz var. Onlardan heç biri dünya reytinqində yoxdur. Bizdən dəfələrlə maddi vəziyyəti aşağı, universitetlərinin sayı az olan ölkələr var ki, onlar dünya reytinqində yer alıblar və ölkələrinə gəlir gətirirlər. Məlum olduğu kimi, bizdə artıq neft sektoru zəifləyir və qeyri-neft sektoru inkişaf etdirilməlidir. Burada əsas prioritetlərdən biri də təhsildir. Təbii ki, başqa sahələr də var. Prezidentin sərəncamında nəzərdə tutulur ki, bizim universitetlər indiyə qədər dövlət büdcəsindən asılı idi və heç də inkişaf etmirdilər. Lakin bundan sonra onlar dəyişməlidirlər. Dəyişən zaman universiteti idarə edənlərin şəxsi biznesləri inkişaf etməməlidir. Yaxud universitetə gələn gəlirlər idarə edənlərin şəxsi biznesinə daxil olmamalıdır. Universitetlərin laboratoriyası, yataqxanası, maddi-texniki bazası olmalıdır. Bu istiqamətdə inkişaf nəzərə çarpmalıdır. Prezidentin imzaladığı sərəncamda da məhz bu nəzərdə tutulub ki, universitetlərimizin beynəlxalq imicinin formalaşdırılması üçün məhz, rəqabətə davamlı təhsil qurulmalıdır".
Ekspert bildirib ki, rəqabətədavamlı ali təhsilin formalaşması üçün ilk növbədə nəzərə almaq lazımdır ki, bu rəqabət dünya universitetləri ilə aparılır: “Buna görə də təbii ki, xaricdəki təcrübəni öyrənmək üçün dövlət tərəfindən vəsait ayrılacaq ki, artıq tələbələr deyil, daha yüksək pillədə təhsil alanlar, dərs deyənlər, yaxud da idarə edənlər xaricə yollansınlar. Təbii ki, bu, kütləvi şəkildə olmayacaq. Tutalım, biz Ağcabədi filialının rektorunu göndərəsi deyilik ki, orada universiteti inkişaf etdirsin. Azərbaycan dövləti xaricdə getmələrə pul ayıracaq. Lakin bu, kütləvi olmayacaq və həmçinin məsələ bakalavrlara da aid edilməyəcək. Eyni zamanda bütün istiqamət üzrə deyil, daha çox Azərbaycanın əmək bazarında ehtiyac olan istiqamətlər üzrə göndəriləcək ki, onlar qayıdıb, öz təcrübələrini universitetlərə tətbiq etsinlər. 2007-2015-ci ildə Xaricdə Təhsil Proqramı ilə gedənlər geri qaytarılmalıdır. Bildirilməlidir ki, sizə pul ayırmışıq və zəhmət olmasa gəlib, əldə etdiyiniz bilik və bacarıqları bizim universitetimizin inkişafına, ali təhsilin rəqabətə davamlı halda formalaşmasına sərf edəsiniz. İstiqamət də elə budur.
Yəni söhbət kimlərinsə fərdi qaydada gedib, təhsil almasına deyil, qayıdıb gəlib, dövlətin universitetə fayda verməsindən gedir. Sözsüz ki, hansı universitet ki, dövlətin marağındadır və onun inkişafa perspektivi varsa, onları göndərəcəklər. Sərəncamın da əsas istiqaməti budur. 2007-2015-ci illərdə xaricdə təhsil almaq üçün Azərbaycandan 3500 nəfər tələbə gedib. Məndə olan məlumata görə, 2016-cı ilə qədər onlardan 160 nəfəri geri qayıtmışdı. Ancaq 2018-ci ilin sentyabrındakı rəqəmlərə görə, 320 nəfərə yaxın qayıdıb gəlib, Azərbaycanda çalışır. Sonuncu gedənlərin təhsilləri 2021- 2022-ci təhsil ilində başa çatacaq. Təbii ki, geri qayıdanlar heç 50 faiz olmayacaq. Çünki onların müqavilələrində ciddi boşluqlar vardı. Yəni geri qayıtma məcburi tərəf deyildi. Təsəvvür edin ki, 2007-ci ildən bu günə qədər onlara 92 milyon manat vəsait sərf olunub. Bura təhsil haqqı, gediş-gəliş bileti və sair daxildir. Hələ bu, 2021-2022-ci ilə qədər davam edəcək”.
Əli RAİS,
“Yeni Müsavat”