ABŞ prezidentinin köməkçisi Con Boltonun səsləndirdiyi “Ermənistan ABŞ-dan silah ala bilər” fikri rəsmi İrəvanın gözünü yolda qoyub.
Moderator.az-ın verdiyi məluamata görə, məlum açıqlamanın ardınca ABŞ-ın hər hansı təkliflə çıxış etməməsi Ermənistan hökumətini məyus edib. Bu barədə Rusiya mediasında açıqlamasında Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan açıqlama verib. Açıqlamasında öz məyusluğunu gizlətməyən erməni nazirin sözlərinə görə, Ermənistan ABŞ-dan silah satışı ilə bağlı hər hansı təklif almayıb.
Z.Mnatskanyan Azərbaycanın müasir silahlar almasından da narahatlıq duyduqlarını dilə gətirib.
Məlumat üçün qeyd edək ki, Boltonun məlum bəyanatından dərhal sonra bir sıra ekspertlər Ermənistanın ABŞ-dan silah almaq üçün gərəkli maliyyə ehtiyatına malik olmadığını vurğulamışdı. Görünür, Ermənistanın məhz ağır iqtisadi-maliyyə durumu bu ölkəni silah bazarı kimi Amerika üçün əhəmiyyətsiz edib və bu səbəbdən də Boltonun bəyanatı sadəcə bəyanat olaraq qalıb.