Azərbaycan prezidenti İlham Əliyev Belarusa səfər əsnasında bu ölkənin dövlət başçısı ilə hərbi texnika və hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı memorandum imzalayıb.
Xatırladaq ki, Azərbaycan bundan öncə də Belarusdan müxtəlif silah-sursatlar alıb ki, onlardan da biri məşhur “Polonez”lərdir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Belarusun hava hücumundan müdafiə sistemlərinin bu gün üçün daha böyük aktuallıq kəsb etdiyini vurğuladı:
“Silahlı Qüvvələrimizin ali baş komandanı, prezident İlham Əliyev son çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycan bundan sonra da ordunu silahlandırmaqda davam edəcək. Ölkəmiz 20-yə qədər ölkədən müxtəlif silahlar alır. Bunlardan biri də Belarusdur. Bildiyiniz kimi, bir müddət bundan öncə Belarusdan “Polonez” raketlərini almışdıq. Bundan öncə də bu ölkə ilə iş birliyiiz var idi. Azərbaycanın maliyyə imkanları geniş olduğu üçün silah satan bütün ölkələrin qapıları bizim üçün açıqdır.
Belarus Azərbaycanın strateji tərəfdaşıdır. Bizim bu ölkə ilə dostluq əlaqələrimiz var. Belarusun dövlət başçısı dəfələrlə öz açıqlamalarında erməniləri məyus edib. Ermənistanın indiki rəhbərliyinə qarşı da Belarus sərt mövqe tutub.
Belarus KTMT-nin üzvüdür. Azərbaycanın isə həm Rusiya, həm də Belarusla yaxşı münasibəti var. Hansı ki, hər iki ölkə Ermənistanın da üzv olduğu KTMT-nin üzvüdür. Bu da Ermənistana siyasi bir mesajdır. Bu, Ermənistanın sözügedən təşkilatdan istifadə etmək niyyətini puça çıxarmaq deməkdir.
Belarusun silah bazarı Azərbaycanın çoxdan maraq dairəsindədir. Bu gün hava hücumundan müdafiə sistemlərinə daha çox maraq göstəririk. Belarusdan Azərbaycana yeni radar sistemlərinin gətirilməsi, mövcud radarların modernləşdirilməsi gündəmdədir.
Belarus yeni nəsil müdafiə sistemləri üzərində işləyir. Bu sistemlər bazara çıxarılır. Bu sistemlər də ölkəmizin marağındadır.
Belarus Venesuelanın hava hücumundan müdafiə sistemini tam şəkildə qurub. Onların bu sahədə böyük təcrübəsi var. Bu baxımdan Belarusun təcrübəsindən də istifadə etmək mümükndür. Bir sözlə, indiki stuasiyada Belarusdan hava hücumundan müdafiə sistemlərinin alınması daha aktualdır”.
Seymur ƏLİYEV