Moderator.az xəbər verir ki, noyabrın 27-də Azərbaycanın işğal altındakı ərazilərində qondarılmış separatçı- terrorçu rejimin “parlamenti” hesab edilən qanunsuz qurumun “dövlət və hüquqi, büdcə, maliyyə və iqtisadi məsələlər üzrə daimi komitələri”nin birgə iclasında “rayon”lara ayrılacaq vəsait də müzakirə olunub.
İclasda “Mardakert” (Ağdərə) “rayon” “icra hakimiyyəti”nin başçısı Edqar Harutyunyan qeyd edib ki, 2019-cu ildə “dövlət büdcə”sindən “rayon”a 2018-cu il üzrə illik xərclərə nisbətdə 2 milyon 808 min dram çox vəsait ayrılıb. Beləliklə, 2019-cu ildə “rayon” “administrasiyası”nın saxlanmasına ayrılan pul 159 milyon 195 min dram(təxm. 332 min 944 dollar) təşkil edib.
Eyni məqsədlə “Martuni” (Xocavənd) “icra hakimiyyəti”nə 149 milyon 984 min dram(təxm. 304 min 259 dollar) ayrılıb.
P.S. Ermənilərin işğal altındakı bölgələrə ayırdığı sözügedən vəsaitlər, əlbəttə, müasir standartlara görə çox azdır. Ancaq söhbət ondan gedir ki, biz işğal altındakı bölgələrimizə öz müstəqil(!) dövlətimizin vəsait ayırması haqda xəbəri tezliklə eşitməliyik...
Sultan Laçın