Buş da boş getdi... -Əlinizi daha bərk sıxın, bəlkə siz bir şey apara bildiniz?..
Dədə Corc Buşun da yeri boş
qaldı... Vay dədə, ABŞ kimi o boyda
super dövlətin başçısı olmuş başı minbir
biliklə, sirlə dolu Buş da əliboş köçdü dünyadan... Amma ruhu günahlarla
dopdolu getdi... Hələ o aləmə özündən qabaq da tanker-tanker günahları gedib
yazığın... İndi orda həyatı boyu törətdiyi günahlarından nəinki 100-200, 100
milyard mərtəbəlik göydələnlər tikiləcək onun üçün... Cəhənnəm göydələnləri, od
göydələnləri, zəqqum göydələnləri...Sonra o göydələnləri 11 sentyabrda oğlu
Buşun partladıb uçurtduğu göydələnlərdən də betər formada uçurdacaqlar dədə
Buşun məkrli siyasət elmi ilə dolu başına....
Doyunca yanacaq, odlanacaq, zəqqum içəcək... Sonra həmin göydələnləri yenidən
qurub bir də təzədən uçurdacaqlar başına... Beləcə sonsuza qədər... Yazıq Buş...
***
Həmişə demişik, yenə də
deyirik: insanın dünyəvi vəzifəsi, rütbəsi, postu yüksəldikcə Allah dərgahında onun yazıqlıq faizi də yüksəlir...
***
Vəzifəli şəxslərin çoxu
özündən aşağıdakılara zəif, yazıq kimi baxır. Bəziləri hətta zəiflərə,
kasıblara istehza edir, onları var-güclərilə
əzməyə, tapdamağa çalışır... Bundan ləzzət alırlar... Amma bu bədbəxtlər dərk
etmirlər ki, ən yazıq özləridir... Çünki Yaradan qarşısında yalnız özlərinə
deyil, neçə-neçə insanın taleyinə, yaşamına, haqqının qorunmasına məsuldurlar.
Və əgər həmin məsuliyyətin öhdəsindən gələ bilmirlərsə və kürsülərində əyləşməkdə
davam edirlərsə, günaha batırlar. Ən betəri də odur ki, nəinki vəzifələrini
icra etməyələr, əksinə, tabeliklərində olan digər məmurların və talelərinə məsul
olduqları vətəndaşların haqqını tapdayalar, rüşvət, sələm girdabına
yuvarlanalar... Onda günahları minə bir
artır və yazıqların yazığına çevrilirlər...
***
Kimin əsl yazıq, bədbəxt
olduğunu bilmək üçün bu dünyanın vəzifəlisinə də, vəzifəsizinə də, varlısına
da, kasıbına da o dünyadan baxmaq gərəkdir. Görək, kimlərin günah qazanmaq üçün
imkan və şansları daha çoxdur. Təbii ki,
vəzifəli və varlıların. Vəzifələri, var-dövlətləri böyüdükcə günah etmək
şansları da çoxalır. Dindən-imandan uzaq
vəzifəli və varlıların çoxunun ağlı kəsmir ki, daha çox haram pul qazandıqca, haram qazancları
ilə daha çox yeyib-içib qarınlarını doldurduqca nəfs tuluğuna dönərək “n” sayda
günah da qazanırlar.... Bir də ayılırlar
ki, içdikləri, satdıqları çaxır burunlarından gəlib, tuluqlarını batırıb... Bu,
hələ bu dünyadadır... Belələrinin çoxu o dünyada ayılır... Axirət günündə -
Allahın Haqq məhkəməsinin qarşısında... Amma daha orada rüşvət-filan keçməyəcək.
Bu HAQQ MƏHKƏMƏSİNDƏ mal-mülk
deklarasıyasını gizlətmək mümkün olmayacaq... Nəyin var, bir-bir sayıb
burnundan gətirəcəklər... MTN-nin, Beynəlxalq Bankın məhkəmələr seriyası o
MƏHKƏMƏLƏRİN yanında bir zərrə də deyil...
***
İndi, Allaha, Qurana az-çox
inanırsınızsa, özünüz düşünün, dədə Buşun o dünyada hansı hala düşəcəyini... Hələ
oğlu Buş ondan da yazıq günə qalacaq. Elə yalnız İraqda müsəlmanlara qarşı törətdikləri
kifayətdir. Dədəsi bünövrəsini qoyduğu işləri bu Hitlerdən betər məxluq “uğur”la
tamamladı, 11 sentyabr Əfqanıstan və s. hamısı onun vicdanındadır... Obama,
indiki Tramp da onlar kimi... Qorbaçov,
Yeltsin, Putin də...
***
ABŞ, keçmiş SSRİ və Rusiya
liderləri dünyanın ən yazıq adamlarıdır. Çünki bütün planetdəki proseslərə, müxtəlif
ölkələrə, xalqlara qarşı törətdikləri cinayətlərə cavabdehdirlər. Milyardlarla
insana qarşı etdikləri günahlar və onların şeytani siyasəti, sümürgəçilikləri
ucbatından yoxsul gündə yaşayan, qaçqın düşən və bir qarın çörək, bir içim su
üçün də cinayət törətməyə məcbur olan adamların da günahları onlara yüklənəcək...
Eləcə də Britaniya, Fransa, Çin, Almaniyanın liderləri də belə günahkar yazıqlar
sırasındadır...
***
O dünyadan bu dünyanın super dövlətlərinin liderləri, həmçinin,
onların arxasında duran transmilli super oliqarxlar və ayrı-ayrı ölkələrdəki
mikro oliqarxlar, mikro başçılara baxanda bu həyatdan şərdən, pislikdən,
günahdan başqa heç nə apara bilmədikləri üçün yazığım gəlir onlara və “ümid”lə deyirəm: “O boyda ABŞ-ın dədə
Buşu o dünyaya əliboş, amma, siz əlinizi
daha bərk sıxın, bəlkə gedəndə nəsə apara bildiniz?..”
***
Hərdən dost-tanış məclisdə-filanda bəndənizə yüksək vəzifə-filan arzulayanda cavab verirəm ki, xahiş edirəm, mənə qarğış etməyin...
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir