Eşitdiyiniz, gördüyünüz və bildiyiniz kimi, dünən ərəblər Bakının mərkəzində bayram şousu təşkil ediblər. Bu xəbəri eşidən kimi dərhal bir vətəndaş kimi bəndənizdə təbii sual oyandı: Görəsən, bu əcnəbilər bizim möhtərəm Bakı meriyasını saya salıb kütləvi tədbir keçirmək üçün icazə alıblar? Axı qanun var-qayda var. Əgər 3-4 adam bir yerə toplaşıb küçədə-meydanda hər hansı bir səs-küy etmək istəyirsə, mütləq paytaxt rəhbərliyindən yazılı icazə almalıdır. Ərəblər bunu etməyiblərsə, çox böyük ədəbsizlik ediblər...
Amma mən, yataqxananın bir küncünə qısılıb yaşayan Qarabağdan didərgin Azərbaycan vətəndaşı bilirəm ki, əgər bu axşam əlimə taxta qılınc alaraq başıma 4-5 adam yığıb Fəvvarələr bağında 3-4 dəfə “Qarabağ!”, “Qarabağ!” qışqırıb ətrafdakıların da başıma yığışmasına səbəb olsam, heç 2 dəqiqə keçməz, polislər qırğı kimi başımın üstünü alarlar. Yox, əgər oturub ədəb-ərkanla bir icazə ərizəsi yazıb səhər tezdən onu meriyaya təqdim etsəm, məcburam, 15-20 gün gözləyəm ki, hörmətli meriyadan çox haqlı bir cavab gəlsin:”Dövlətimizin Qarabağ məsələsinin həllindən ötrü gərəkli işlər gördüyü üçün sizin zəhmət çəkib küçədə qıqşıraraq asayişi pozmağınıza ehtiyac görmürük...” Odur ki, boş yerə əziyyət çəkmək yerinə qaxılıb otururam darısqal otağımda və səbir və təmkinlə “AzTV”-dən Elmar Məmmədyarovun erməni həmkarıyla görüşlərinin nəticələrini izləyirəm və gözləyirəm...
Ərəblər isə asayişi-filanı pozmurlar. Əvvəla, onlar qonaqdırlar. Lakin Bakının küçələrində şellənən belə kefkom əcnəbilərlə ikinci və əsas fərqim ondadır ki, onların paytaxtın beşulduzlu otellərində, restoranlarında, gecə klublarında xərcləməyə, küçələrə səpməyə pulları var...
Sultan Laçın