Yunanıstanın baş naziri Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə bağlı narahatlığını bildirib. Yunan baş nazirin sözlərinə görə, guya Türkiyə Yunanıstanla müharibə üçün bəhanə axtarır.
Yunanıstan tərəfinin bu bəyanatı nə dərəcədə məntiqlidir? Bu bəyanat bütün Avropanı Türkiyəyə qarşı səfərbər etmək, S-400-lərə qarşı ümumavropa narazılığı formalaşdırmağa hesablana bilərmi?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu kimi açıqlamların məntiq və obyektivlikdən uzaq olduğunu vurğuladı:
“Necə ki, bizim Ermənistanımız var, rəmzi mənadaYunanıstan da Türkiyənin Ermənistanıdır. Yunanıstan zaman-zaman Türkiyəni az qala hər şeydə ittiham edib. Türkiyə S-400 raketlərini öz hava hücumundan müdafiə sistemini daha etibarlı şəkildə qurmaq üçün alıb. Türkiyə NATO-nun üzvüdür. Yunanıstan da NATO-da təmsil olunur. NATO nizamnaməsinə görə, bu quruma üzv dövlətlərin digər üzv dövlətlərin razılığı olmadan hər hansı şəkildə qarşıdurması yolverilməzdir. Tərəflər arasında söz dueli ola bilər, amma döyüş dueli ola bilməz.
Yunanıstanda ani-Türkiyə bəyanatları səsləndirənlər daha çox ermənipərəst şəxslər olur. Türkiyə bu vaxta qədər Yunanıstana qarşı hərbi konteksdə hər hansı addım atmayıb və bundan sona atacağı da inandırıcı görünmür. Bu kimi bəyanatlarla suyu bulandırmağa, bulanıq suda balıq tutmağa çalışırlar.
Öz təhlükəsizliyini təmin etmək, bu məqsədlə hansısa silahar almaq hər bir dövlətin daxili işidir. Bu kimi bəyanatlara fikir vermək lazım deyil. Türkiyə öz işini görür və bu, onun haqqıdır”.
Seymur ƏLİYEV