Fransada dekabr ayının 8-də “sarı jiletlilər” aksiyası pik nöqtəsinə çatdı. Ümumiyyətlə hər şey hökumətin yanacaq qiymətlərini qaldırmasından sonra başladı. Təzyiqlərlə üzləşən hökumət yanvarın 1-dən (2019) etibarən qüvvəyə mindirəcəyi yeni yanacaq vergisinin tətbiqini yarım il müddətinə ertələyib, ancaq bu da, əhalini qane etməyib və on minlərlə insan etiraz əlaməti olaraq küçələrə çıxıb.
Dörd həftədir davam edən “sarı jiletlilərin” etirazları əvvəlcə yanacağın qiymətinin qaldırılmasına qarşı idisə, sonradan hökumətə qarşı ümumxalq etirazına çevrilib. Etirazlar zamanı üç nəfər ölüb, 1043 nəfər yaralanıb. Bu səbəbdən bir çox Avropa dövlətlərində “sarı jiletlilər” aksiyasına dəstək əlaməti olaraq aksiyalar keçirilib.Hollandiya, Belçika, Almaniya kimi dövlətləri buna misal göstərə bilərik.
Bu aksiya Fransada necə başladı - sualına cavab olaraq hamı birmənalı olaraq benzinin bahalaşmasını səbəb olaraq göstərir. Ancaq fikrimcə, bu etiraz aksiyasında xarici güclərin təsirləri də var. Məsələyə daha geniş bir çərçivədən baxsaq, əvvəlcə biz Emanuel Makronun, “lazım olarsa, ABŞ-a da qarşı duracaq bir Avropa ordusuna ehtiyac var” nitqindən sonra etiraz aksiyalarının başlaması, heç də anlaşıldığı kimi, məsum məqsədli bir etiraz hərəkatı olmadığını görərik. Bu faktlara əsaslansaq etiraz aksiyalarında əvvəl qeyd etdiyim xarici qüvvələr rolunda ABŞ-ın iştirakı göz ardı edilə bilməz.Məsələ burasındadır ki, ABŞ-da hamının Donald Trampla Amerikanın sabiq baş strateqi Stiv Bennonla aralarının pisləşdiyi və Trumpın buna görə Bennonu Ağ evdən uzaqlaşdırıldığı düşünülür. Ancaq ola bilərmi ki, bunun tam tərsi olsun? Fikrimcə, Trampla Bennonun əlaqələrinin pisləşməsi publikaya oynanılan səhnədir. Stiv Bennonu Trampdan xüsusi bir tapşırıq alaraq ayrılması, Trampın ABŞ-da başladığı nizam dəyişdirmə, köhnə strukturları yıxma işinin Avropa ayağını reallaşdıracaq və “trampizm”i yeni qlobal nizam olaraq yerləşdirilməsi məsələnin özəyini təşkil edir. Çünki Tramp da çox gözəl bilirdi ki, Bennonun Mərkəzi Brüsseldə olan “The Movement” və lideri Mişel Madrikamenin Avropanın digər ölkələrindəki populist ifrat sağçı hərəkatlarla geniş əlaqələri vardır.
Tramp, Bennonun Brüsseldə əlaqələri yaxşı qurduğu halda, Avropanın digər ölkələrində də təşkilatlanmaya yönəlik yolların açıla biləcəyini gördüyünü düşünürəm.Çünki 2018-ci ilin sentyabr ayında Bennonun Brüsseldə qurduğu əlaqələr ona Matteo Salvinin İtaliyada qaçqınlar əleyhinə qurduğu hərəkatla əlaqələrin də yolunu açmışdı. Həm də Bennonun Parisdəki hadisələr başlamamışdan öncə noyabr ayında Brüsseldə strateji planlaşdırma toplantısı keçirdiyi də hamıya məlumdur. Məhz bu aspektlər Fransadakı “sarı jiletlilər” aksiyasının sadə bir aksiya deyil, beynəlxalq güclərin təsiri ilə başladımış bir aksiya olduğunu izah edir. Düzdü bu o demək deyil ki, bütün aksiyalar ABŞ-ın təsiri ilə olmuşdur. Lakin böyük təsiri olmuşdur. Fikrimcə əgər, Trampın planı baş tutarsa “sarı rəngli yeni Avropa” nizamı qurula bilər.
Yusif Aslanlı
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı