Moderator.az xəbər verir ki, Ermənistanın prezidenti Armen Sarkisyan “Soyqırım Cinayətinə Qarşı” Qlobal Forumdakı çıxışında ailəsini “soyqırım qurbanı” kimi təqdim edib. A.Sarkisyanın sözlərinə görə, nənəsi 1915-ci il olayları ilə bağlı ona “ağrılı xatirələr” danışıb:
“Nənəm Osmanlı imperatorluğunda yaşayan zəngin bir ailənin üzvü idi və “soyqırım” başlayanda hər şeyini qoyub getdi. Mən hələ gənc ikən başına gələnləri mənə danışmışdı. Hər şeyi qoyub getdiklərini, özləri ilə paltar və qızıl belə götürmədiklərini, özü üçün ən dəyərli iki şeyi götürdüyünü söyləyirdi. Bunlardan birinin İncil, digərinin isə oğlu olduğunu bildirirdi. Bu iki şey üçün həyatını verməyə hazır olduğunu deyirdi. Təəssüflər olsun ki, oğlunu Eçmiədzin yolunda itirdi, fəqət İncili gətirə bildi”.
1915-ci il olaylarında ermənilərin mədəniyyət, sənət və tarixinin də yox edildiyini bildirən Sarkisyan, bunun insan öldürməkdən daha ağır cinayət olduğunu qeyd edib. O bildirib ki, “soyqırımdan 103 il sonra ermənilər aydınlıq və xeyirxahlığın qalib gəldiyini bütün dünyaya sübut etdilər və Ermənistan erməni xalqının mövcudluğunun ən yaxşı isbatıdır”.
Xatırladaq ki, 1915-ci il tarixində türk xalqına qarşı misli görünməyən soyqırım həyata keçirən ermənilər, on minlərlə insanı qətlə yetirib, hamilə qadınlara, körpə uşaqlara, qocalara qarşı belə tarixin ən amansız işgəncələrini tətbiq edib. 1915-ci il olaylarında qurban rolunda çıxış edən ermənilər 103 il ərzində özlərini bəşəriyyətə bu hadisələrin qurbanları kimi təqdim edib, bununla da miskin, əzilən, zorakılığa məruz qalan “yazıq” erməni obrazını yaratmağa çalışıb.
Seymur ƏLİYEV