“Trampa gəlincə, o, ermənilər haqda yaxşı bilgilidir...”
Xəbər verildiyi kimi, by günlərdə ABŞ prezidenti Donald Tramp Suriya və İraqdakı dini və etnik azlıqların soyqırımı zamanı öldürülənlərə humanitar yardım göstərilməsini nəzərdə tutan qanun layihəsi imzalayıb. Göründüyü kimi, “çoxluqlara” yox, “azlıqlar”a, yəni müsəlmanlara yox, xristian yəhidi, yezidi və s. inanclılara, o cümlədən ermənilərə... Belə çıxır ki, Yaxın Şərqdə müsəlmanlar soyqırımına məruz qalmayıb, əksinə, başqalarını soyqırımına məruz qoyub. Lakin hələlik söhbət bundan getmir...
Moderator.az-ın verdiyi xəbərdə həmin qanun layihəsiin imzalanma mərasimində ABŞ liderinin ermənilər haqda ilginc deyimlər söylədiyi bildirilir. “Amerikanın Səsi” radiosunun erməni redaksiyasının yaydığı məlumata görə, sözügedən mərasimdə Amerika Erməni Apostol Kilsəsinin baş arxiyepiskopu Vigen Aykazyan da iştirak edib. Onun sözlərinə görə, mərasimdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton isə Ermənistana etdiyi səfərdən aldığı xoş təəssüratlardan danışıb.
“Prezident Trampa gəlincə, o, ermənilər haqqında çox yaxşı bilgilidir. "Mən erməniyəm” dediyimdə ABŞ prezidenti “ermənilər ağıllı və zəhmətkeş insanlardır "deyə reaksiya verdi”- bunu da erməni keşiş söyləyib.
P.S. Vəssəlam. Ermənilər həm növbəti dəfə ABŞ-ın yardım obyektinə çevrildi. Eyni zamanda super dövlətin liderindən xoş dini-siyasi mesaj aldı...
Yəqin ki, çoxları deyəcək ki, əşşi, erməni uydurmasıdır, Tramp belə söz deməz. Amma əvvəla, bu informasiya Amerikanın rəsmi sayılacaq bir radiosunda səsləndirilib, ikincisi də Tramp özü gecə-gündüz “Tvitter”in qabağında olan məxluqdu, yalandısa, yazacaq ki, mən belə söz deməmişəm, erməni keşiş qələt edir... Yaşayaq, görək...
Sultan Laçın