Türkiyə gəmi əleyhinə ilk milli raketinin istehsalına hazırlaşır. Mediada yer alan məlumata görə, ROKETSAN tərəfindən hazırlanacaq raket “Atmaca” adlanacaq.
Türkiyənin öz raket potensialını genişləndirməsi, hərbi sənayesini inkişaf etdirməsi Azərbaycanın maraqları baxımından nə dərəcədə əhəmiyyətlidir? Türkiyənin hərbi-sənaye kompleksinin uğurları Azərbaycanın bu potensialdan istifadə imkanlarının genişlənməsinə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseyn Türkiyənin bu uğurlarının Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi:
“Türkiyə nə qədər güclüdürsə, nə qədər geniş hərbi potensiala malikdirsə, bu, həm də Azərbaycanın gücü, Azərbaycanın uğurudur. Türkiyə Azərbaycanda hərbi-sənaye kompleksinin yaranmasında və formalaşmasında ilk gündən bəri fəal iştirak edir. Bir sıra silah növlətinin, xüsusilə də atıcı silahların hazırlanmasında ölkəmizlə əməkdaşlıq edir. Raket texnologiyaları sahəsində də iki ölkə arasındakı əməkdaşlıq genişlənməkdədir.
Biz qardaş ölkənin uğurlarına sevinirik. Həmçinin, ümid edirik ki, Türkiyə bundan sonra da öz hərbi potensialını, bu sahədəki təcrübəsini Azərbaycanla bölüşəcək. Türkiyənin beynəlxalq münsibətlərdəki rolunun və nüfuzunun, regionun super gücü kimi inkişafının Azərbaycan üçün çox böyük əhəmiyyəti var”.
Seymur ƏLİYEV