Azərbaycan yaxın gələcəkdə AZ 7,62 və EM-14 avtomatlarının seriyalı istehsalına başlayacaq. Bununla yanaşı, daha bir neçə silah-sursatın istehsalı planlaşdırlır.
Ölkəmizdə hərbi-sənaye məhsullarının istehsalının genişlənməsi, bu məhsulların daxili bazarla yanaşı, həm də dünya bazarına çıxarılması ölkəmizin nüfuzuna nə vəd edir? Yeni hərbi istehsal sahələrinin yaradılması Azərbaycanın beynəlxalq aləmdə silah ixrac edən ölkə kimi nüfuzunun bir qədər də artmasına təkan verə bilərmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə hərbi məhsul istehsalının genişləndirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirdi:
“Istənilən məhsulun iki bazarı olur. Bunlardan biri daxili, digəri isə xarici bazardır. Daxili bazar üçün bizə silah, sözsüz ki, vacibdir. Müharibə şəraitindəyik, torpaqlaırmızın bir hissəsi işğal olunub və s. Biz ya özümüz özümüzü silahla təmin etməliyik, ya da bu silahları almalıyıq. Biz hansısa istehalı başlatmışıqsa, deməli xarici bazardan asılılığımız azalacaq. Çünki silaha sursat da, təmir də lazımdır. Deməli, Silahlı Qüvvələr daim sifarişçi rolunda çıxış edəcək.
Ikinci amil, xarici bazara silah çıxartmaqdır. Bu gün silah bazarı gəlir gətirən ən mühüm sahələrədn biridir. Rəqabət həddindən artıq yüksəkdir. Və sevindiricidir ki, Azərbaycan silah bazarında özünə müəyyən yer tapıb. Bizdən silah alırlar, bizə sifarişlər daxil olur və s. Biz nə qədər istehsal etdiyimiz silahların çeşidini artırsaq, bizim silah bazarında mövqeyimiz bir o qədər güclənəcək.
Burada ən önəmli amil qiymət və keyfiyyət məsələsidir. Əgər bu iki göstərici münasibdirsə, deməli, alıcı tapmaq mümkün olacaq. Bu, sadəcə atıcı silahlara deyil, həm də zirehli texnikalara, hərbi təyyarələrə və s. aiddir”.
Seymur ƏLİYEV