Türkiyənin Suriyada yeni anti-terror əməliyyatı keçirmək istəyi ABŞ tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır.
ABŞ-ın etirazı fonunda Türkiyənin aparacağı hər hansı anti-terror əməliyyatı türk ordusu baxımından hansısa risk təşkil edirmi? ABŞ-ın etirazına rəğmən Türkiyənin Suriyada uğur qazanması mümkündürmü?
Moderator.az-a açıqlama verən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu Türkiyənin bu hərbi əməliyyatları da uğurla başa vuracağından əminliyini ifadə etdi:
“Biz illər boyudur qlobal hakimiyyət iddiasında olan heç bir gücün bunu Türkiyəni qarşısına alaraq həyata keçirə bilməyəcəyini yazırıq. Yaxın Şərq və Suriyada proseslərin gəldiyi son nöqtə bunu açıq şəkildə ortaya qoyur. Bunu artıq birmənalı şəkildə ifadə etmək mümükndür ki, Suriyanın gələcəyinin qərarlaşdırılacağı masada Türkiyə əsas üç-dörd gücdən biri olacaq. Türkiyə qlobal miqyasda da qütblər, güz mərkəzləri arasında hazırkı mübarizədə balans ölkəsidir. Pentaqonun da Suriyadakı vəziyyət, Ankara ilə münasibətlərin gələcəyi ilə bağlı son raporunda Türkiyə üçün fövqəlada strateji coğrafi mövqeyi ilə əvəzedilməz bir ölkə ifadəsini işlətməsi əlbəttə, təsadüfi deyil.
Suriya savaşında oyunun sonuna gəlirik. Türkiyə İslam dünyasına, bölgəyə yönəlmiş bu əsrin ən böyük imperiya proyektlərindən biri olan PKK-PYD terror koridorunu birdəfəlik tarixin arxivinə dəfn etmək ərəfəsindədir. Bu məsələdə Türkiyə dövlətinin, xüsusilə Ərdoğanın milli və qətiyyətli duruşunu vurğulamaq lazım.
Fəratın şərqinə yönəlik hərbi əməliyyatın da bundan əvvəlki əməliyyatlar kimi uğurla başa çatacağına əminəm. Türk ordusu bir daha düşmənlərə, xainlərə gücünü, əzəmətini nümayiş etdirəcək. Bölgə xalqları da artıq Yaxın Şərqə, İslam aləminə hüzur və təhlükəsizliyin, birliyin Türkiyənin fəaliyyəti ilə gələcəyini görürlər və terrorist fəaliyyətinə qarşı Türkiyəyə dəstək verirlər”.
Seymur ƏLİYEV