Son illər bəzi gənc müğənnilərin televiziya və internet imkanlarının genişliyindən istifadə edərək qısa zamanda populyarlaşması, sovet dönəmində yaşayıb yaratmış sənətkarların uzun illər ərzində əldə etdiyi şöhrətə qısa zamanda qovuşması nəinki cəmiyyətdə, inəsənət və mədəniyyət xadimlərinin çevrəsində də birmənalı qarşılanmır. Bəzi incəsənət xadimləri hesab edir ki, bu cür ani yüksəliş əksər hallarda gənclərdə “mvəffəqiyyətdən başgicəllənmə” sindromunun meydana çıxmasına, onların sənətə və həqiqi sənətkarlara baxışının adiləşməsinə, bəzi hallarda isə onlara xor baxmasına səbəb olur.
Sənətə yeni qədəm qoyan şəxslərin müasir texnologiyanın qazandırdığı reklam imkanlarından istifadə edərək qısa zamanda tanınması nə dərəcədə arzuediləndir? Hansısa şəxsin qısa zamanda populyarlaşmasını əsas gətirərək onun özünü illərin sənətkarına bərabər tutması məntiqlidirmi?
Moderator.az-a açıqlama verən xalq artisti, görkəmli sənətkar Flora Kərimova bu qəbildən olan şəxslərin qısa zamana populyarlaşdıqları kimi qısa zamanda da unudulduqlarına diqqət çəkdi:
“Məsələ bundadır ki, bu cür şəxslər qısa zamanda populyarlıq qazansalar da, ondan da qısa zamanda unudulurlar. Daha doğrusu, əvvəl gözdən düşürlər, sonra isə yaddan çıxırlar. Ona görə də onların qısa zamanda populyarlaşmasının heç bir əhəmiyyəti yoxdur. Çünki onlar bəri başdan unudulmağa məhkumdurlar. Buna görə də hesab edirəm ki, bu cür şəxslərin qısa zamanda populyarlıq əldə etməsindən narahat olmağa dəyməz”.
Seymur ƏLİYEV