Artıq uzun illərdir ki, Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməyən, hər dəfə bu danışıqlardan müxtəlif bəhanələrlə imtina edən və danışıqlar prosesində qeyri-konstruktivlik sərgiləyən Ermənistan bu gün də eyni mövqedən çıxış etməkdə, Azərbaycanın səbr və təmkinini sınağa çəkməkdədir.
Moderator.az-a açıqlamasında Ermənistanın danışıqlardan imtina səbəbinə diqqət çəkən hərbi ekspert Azad İsazadə, düşmən ölkənin hərbi və digər sahələrdə Azərbaycandan əhəmiyyətli dərəcədə geri qaldığını, öz zəifliyini başa düşdüyünü və bunu danışıqlar prosesində hiss etdirə biləcəyindən qorxduğu üçün danışıqlardan çəkindiyini vurğuladı:
“Ermənistan probleminin sülh yolu ilə həlliylə bağlı aparılan danışıqlardan çəkinir. Onların danışıqlardan qaçmasının bir səbəbi də odur ki, onlar qorxurlar ki, danışıqlar zamanı öz zəifliklərini büruzə verərlər. Buna görə də danışıqlara getmirlər və bunun özündən bir təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Öz zəifliklərini ”danışıqlara getmirik” yanaşması altında gizlətməyə çalışırlar. Onlar öz zəifliklərini başa düşür, anlayırlar.
Lakin Ermənistanın başqa yolu yodur. Onlar gec-tez bu danışıqlara getməlidirlər. Çünki onlaırn danışıqlara getmək, Azərbaycan tərəfinin tələblərini qəbul etməkdən başqa yolları yoxdur”.
Seymur ƏLİYEV