Hərbi texnologiyaların sürətli inkişafı ordulardakı müasir silah-sursatın, texnikanın rolunu hədsiz dəsərəcə artırmaqdadır. Müasir döyüş və qarşıdurmalarda hərbi texnikanın mühüm əhəmiyyətə malik olduğu, bir çox hallarda müharibələrin taleyini məhz modern hərbi texnikaların həll etdiyi bəllidir.
Doğrudanmı hərbi texnologiyanın müasir inkişafı fonunda insan faktoru əvvəlki əhəmiyyətini ititib? Həqiqətənmi artıq hər şeyi müasir hərbi texnologiya həll edir və bu məsələdə insan faktorunun üzərinə xüsusi bir məsuliyyət düşmür?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə insan faktorunun dünən də, bu gün də hər şeydən daha mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Silahdan daha vacib bu silahdan istifadədir. Yəni silahdan istifadə edənlərin peşəkarlığı, bacarığı silahın özündən daha mühüm əhəmiyyət kəsb edir. Peşəkar köhnə silahdan da müasir silahlara qarşı bacarıqla istifadə edə bilər. Önəmli olan silah yox, onun kimin əlində olmasıdır. Əgər silahdan istifadə edən həqiqətən də peşəkardısa, o, köhnə silahdan da müvəffəqiyyətlə istifadə edə, uğur qazana biləcək.
Insan faktoru hər zaman önəmli olub və bu gün də ən başlıca amildir. Biz bu faktoru heç vaxt yaddan çıxarmamalıyıq. Və unutmamalıyıq ki, heç bir müasir silah insan faktorunu tamamilə əvəz edə, üstələyə bilməz”.
Seymur ƏLİYEV