Moderator.az bir müddət əvvəl 1979-cu ildən 1991- ci il noyabrın 20-də - görkəmli dövlət xadimləri, ziyalılar, hərbçilər və jurnalistləri aparan vertolyotun Qarakənd səmasında vurulduğu günədək DQMV İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyən Fərrux Hüseynovun Qarabağ gündəliyinin ən vacib və maraqlı qeydlərinin bir hissəsini nəzərinizə çatdırıb(bax://www.moderator.az/news/254377.html). Mərhum dövlət xadiminin 31 il öncə məhz bu günlərdən bəhs edən qeydləri də bu günədək torpaqlarımızın işğalda qalması səbəblərini bir daha anlamaq üçün ibrətamizdir...
...1988- ci il fevral ayının 10-da Xankəndində səhər tezdən evdən çıxıb piyada işə gedərkən bütün yol boyu küçələrdə hasarlara, divarlara əhalini mitinqə çağıran xüsusi vərəqələrin yapışdırıldığını gördüm. Iş otağından təcili olaraq Vilayət Partiya Komitəsinin birinci katibi Boris Gevorkovla əlaqə saxladım. Gevorkovla kabinetində görüşüb hadisə barədə danışdıqdan sonra o bildirdi ki, bir qrup erməni fevralın 14- də mitinq keçirmək istəyir. Fevral ayının 13- də Bakıdan Xankəndinə hökumət nümayəndələrindən ibarət qrup gəldi. Və elə həmin gün 40- yaxın tələbə və bir müəllimin iştirakı ilə Vilayət Partiya Komitəsi binasının qarşısında mitinq keçirildi .Onların tələbləri təcili sessiya çağırıb Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar çıxarmaq və tez bir zaman ərzində azərbaycanlıların vilayətdən köçürülməsini təşkil etmək idi. Şəhər rəhbərliyi mitinqin dağıdılması barədə verilən sərəncamlara, ğöstərişlərə əməl etmədi. Respublikanın o vaxtkı rəhbər nümayəndələri başda Kamran Bağırov olmaqla Xankəndinə gəldilər. K.Bağırov mitinq iştirakçılarına müraciət etsə də, nəticəsi olmadı. Məcburiyyət qarşısında qalan K.Bağırov Moskva ilə əlaqə saxladı. Qorbaçovun köməkçisi erməni Şahnazarovla danışdı. Şahnazarov mitinqə qarşı heç bir güc tətbiq edilməməsini tapşırdı...
Hadisələrin öz məcrasından çıxdığı bir vaxtda Sov.İKP MK-nın nümayəndəsi Xarçenko da vilayətə gəldi. Lakin bu da bir nəticə vermədi .Artıq gözlərimizin qarşısında azərbaycanlılar öldürülür, evləri talan edilir və soydaşlarımızın Dağlıq Qarabağı tərk etməsi üçün göstərişlər verilirdi. Bu minvalla ermənilər bizim o zaman ki, bivec, milli qüruru, milli qeyrəti olmayan bəzi rəhbərlərin yanlış və qorxaq addımlarından məharətlə istifadə edərək Qorbaçovun himayədarlığı sayəsində öz məkrli niyyətlərini həyata keçirməyə başladılar... Və bütn bunların da sonu torpaqlarımızın 20 faizinin işğalıyla nəticələndi...”
Təqdim etdi: Sultan Laçın