"Almaniyada intiharlar haqda məlumatlar tam məxfi saxlanılır..."
Əgər bu əsər bircə nəfər şəxsi öz
yolundan - intihar etmək yolundan geri qaytara biləcəkdirsə, onda mən özümü
xoşbəxt hesab edəcəyəm”. Müəllif- professor Bəhram Zahidov kitabın ilk fəslinə
epiqraf olaraq belə yazır...
Moderator.az müəllifin bu xoş niyyəti
ilə həmrəy olmaqla mövzunun bəşəriyyət və xalqımız üçün kifayət qədər
aktuallığını nəzərə alaraq “İntihar” əsərinin ən diqqətəlayiq və maraqlı məqamlarını
oxucuların nəzərinə çatdırır:
(Əvvəli bu linkdə:http://www.moderator.az/news/258000.html)
SSRİ-də intiharların ən yüksək göstəriciləri
1937-ci və 1947-ci illərdə qeydə alınmışdır...
E.Dürkheym və bir sıra başqa sosioloqlar
intiharlar üzrə tədqiqatlar apararkən, belə bir qanunauyğunluq müəyyən etmişlər
ki, bir qayda olaraq intihar faktlarına görə orta göstəriciləri ilə seçilən
ölkələrdə intiharların sayı, bədbəxt hadisələr və zorakı hərəkətlər nəticəsində
ölənlərin sayına nisbətən üstün mövqeyi ilə səciyyəvidir. Başqa sözlə, intihar yolu ilə ölənlərin sayı,
göstərilən digər səbəblərdən ölənlərin sayına nisbətən daha çox olur. Bütün
bunları nəzərə alaraq biz tədqiqatın gedişində bir qayda olaraq intiharların
göstəricilərinə dair məlumatların mənbələrini konkret olaraq göstərməyə,
statistik məlumatlara, sosioloji sorğulara və başqa tədqiqatçıların əsərlərində
göstərilən ümumdünya, regional və ya Azərbaycana dair statistik məlumatlardan
istifadə etməyə çalışmışıq.
Beynəlxalq təşkilatlar intiharların sayına
görə ölkələri üç əsas təsnifata ayırırlar: hər yüz min nəfərə düşən intihar edən
şəxslərin sayı iyirmi nəfərdən çox olan ölkələr birinci təsnifata; hər yüz min
nəfərə düşən intihar edən şəxslərin sayı on nəfərdən çox və iyirmi nəfərdən az
düşən ölkələr ikinci təsnifata; hər yüz min nəfərə düşən intihar edən şəxslərin
sayı on nəfərdən az düşən ölkələr isə üçüncü təsnifata aid edilir. Eləcə də həmin
təşkilatın proqnozlarına görə hazırda dünyada yaşayan 7 milyard əhali arasında
çoxsaylı səbəblər üzündən intihar faktları intensiv olaraq artmaqdadır.
Qarşıdan gələn 2020-ci ilədək dünyada hər il intihar edənlərin sayının ən azı,
bir milyon beş yüz min nəfəri keçəcəyi barədə proqnozlar verilir. Belə ki,
2012-ci ilin nəticələrinə görə, yüz min nəfərə düşən intihar edənlərin sayına
dair birinci təsnifata görə Litvada 31,5, Koreyada 31,2, Qazaxıstanda 30,0,
Belarusiyada 25,3, Macarıstanda 24,6, Yaponiyada 23,8, Latviyada 22,9, Çində
22,2, Sloveniyada 21,9, Rusiyada 21,4, Ukraynada 21,2 nəfər intihar etmişdir.
İkinci təsnifata görə intihar edənlərin göstəriciləri Finlandiyada 19,2,
Estoniyada 18,1, Moldovada 17,4, Fransada 16,3, Polşada 15, Kubada 12,5,
ABŞ-da 11,8, üçüncü təsnifat görə Avstraliyada 10, Almaniyada 9,6, İtaliyada
6,3, İngiltərədə 6,9, İsraildə 5,8, Gürcüstanda 4,2, Yunanıstanda 3,5, Ermənistanda
1,9, Azərbaycanda 0,6 nəfər təşkil etmişdir. Təhlillər göstərir ki, hər 100
min nəfərə düşən intihar edən şəxslərin sırasında kişilərin sayı Litvada 61,3,
Latviyada 44,0, Qazaxıstanda 43,0, Ukraynada 38, Moldovada 30,1, Estoniyada
20,6, qadınlar sayı isə Litvada 10,4, Qazaxıstanda 9,4, Latviyada 8,2, Estoniyada
7,3, Ukraynada isə 7,0 təşkil etmişdir. Qeyd edək ki, SSRİ-də intiharlar haqqında
məlumatlar yalnız 1989-cu ildən etibarən açıq elan edilmişdir.
Dünyada əhalisinin sayında öncül yerlər
tutan bəzi ölkələrdə intiharların sayı böyük maraq doğurur. Məsələn 2011-ci ildə
Çində 300 min nəfər, Hindistanda 160 min nəfər, ABŞ-da 37 min nəfər, Rusiya
Federasiyasında 30 min nəfər, Yaponiyada 30 min nəfər, Fransada 16 min nəfər,
Ukraynada 10 min nəfərdən çox insan intihar etmişdir...
Ümumdünya göstəricilərinə görə, intiharın ən
az baş verdiyi ölkə Misir, Haiti və Yamayka hesab olunur. SSRİ-nin mövcud
olduğu dövrdə intihar faktları 1930-cu ildən 1989-cu ilə qədər olan müddətdə
tam məxfi saxlanılmışdır. Bu da sosializm quruluşunun üstünlüyünü bir daha
nümayiş etdirməkdən başqa, həm də çar Rusiyası dövrü ilə müqayisədə sovet dövründə
intiharların dəfələrlə artmasına dair rəqəmlərin gizli saxlanılmasına xidmət
edirdi. 1926-cı ildə Moskvada və Sank-Peterburqda hər yüz min nəfərə düşən
intiharların sayı kişilər arasında 42 nəfər, qadınlar arasında isə 20 nəfər təşkil
edirdi. Məxfi məlumatlardan görünür ki, SSRİ-də intiharların ən yüksək göstəriciləri
1937-ci və 1947-ci illərdə qeydə alınmışdır. 1984-cü ildə yüz min nəfərə düşən
intiharın sayı 39 nəfər təşkil edirdi. Həmin illərdə SSRİ intiharların sayına
görə Macarıstandan sonra ikinci yerdə dayanırdı. Postsovet məkanında yenidənqurma
dövründə intiharların sayı nisbi olaraq aşağı düşsə də, 1988 -1994-cü illərdə
iki dəfədən çox artmışdı. Eləcə də Rusiya Federasiyasında müstəqillik illərində
- son iyirmi ildə səkkiz yüz otuz min nəfərdən çox insan öz həyatına intihar
yolu ilə son qoymuşdur. Rusiyanın müxtəlif regionlarında, xüsusilə Altayda,
Komidə, Udmurtiyada, Koriyakidə yüz min nəfərə düşən intiharların sayı
artıq yüz nəfəri keçmişdir. Bu dünyada ən yüksək göstəricilər hesab edilir...
Son illər xüsusilə gənclər arasında intiharların
sayının üç dəfədən çox artması böyük narahatlıq doğurur. Beynəlxalq təşkilatların
dünya üzrə apardığı təhlillərdən görünür ki, intiharların 60 faizi yaz və yay
aylarında baş verir. Bu, bir tərəfdən, insan orqanizmində oyanma proseslərinin
baş verməsi ilə əlaqədardırsa, digər tərəfdən, günün uzunluğu və günəş fəallığının
yüksək olması ilə bağlıdır. İntiharların 70 faizinin geniş mənada depresiya, 30
faizinin isə digər müxtəlif səbəblər üzündən baş verdiyi müəyyən edilir.
Ümumiyyətlə, ÜST 2012-ci il üçün apardığı təhlillər nəticəsində baş verən
intiharların 800 səbəbini dəqiqləşdirmişdir. Ümumiləşdirmə göstərmişdir
ki, qeydə alınan intiharlar sırasında suisidentlərin 19 faizinin cəzalanmaq
qorxusundan, 18 faizinin ruhi sarsıntıdan və depresiyadan, 18 faizinin ailə
münaqişələri ilə əlaqədar olaraq, 6 faizinin qocalıqdan və tənhalıqdan, 3
faizinin maddi itkilər üzündən, 2 faizinin şəxs üçün həyatın mənasının itirilməsindən,
2 faizinin müxtəlif somatik xəstəliklərdən, 32 faizinin isə naməlum səbəblərdən
intihar etdiyi müəyyən edilmişdir. 16 yaşına çatmamış və intihar edən gənclərin
yarısından çoxu uğursuz məhəbbətin nəticəsi olaraq intihar yolunu tutmuşdur...
Qeyd: İstifadə edilmiş 337 mənbə kitabın sonunda göstərilir.
Məhdud Məsuliyyətli Cəmiyyət
Zülfüqar Hüseynzadə
www.moderator.az saytına
istinad zəruridir