Azərbaycanın erməni işğalı altındakı Xankəndi şəhərində erməni, rus və ingilis dillərində nəşr olunan “Elmi Artsax(Qarabağ)” jurnalının təqdimat mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, bu haqda separatçı nəşrlər məlumat yayıb. Məlumata görə, “”Artsax”ın gənc alim və mütəxəssislər ittifaqı”nın buraxdığı jurnal 1-ci Ermənistan Respublikasının 100 illiyi, Qarabağ separatçı hərəkatının 30 və Yerevanın “2800 illiyi”nə həsr edilib. Nəşrin redaksiya heyətinə Yerevan Dövlət Universitetinin rektoru Aram Simonyan rəhbərlik edir. Jurnalın ilk nömrəsində 67 məqalə dərc olunub ki, onlardan 9-nun müəllifi elmlər doktorudur. Müəlliflər arasında ABŞ, Almaniya, Polşa, Belarus alimləri də var...
Təqdimat mərasiminə Qarabağın işğalının baş ideoloqlarından olan, qatı türk, Azərbaycan düşməni, Xocalı canisi Zori Balayan da qatılıb...
Jurnalın ilk nömrəsi hələ 2018-ci ilin dekabrında işıq üzü görüb.
P.S. Görəsən, son 27-28 ildə bizim elm adamları, o cümlədən Qarabağdan olan sanballı ziyalılar bir gün yığışıb işğal altındakı torpaqlarımızın ailmlərindən, tarixindən, siyasi idarəçiliyindən, mədəniyyətindən, musiqisindən, memarlığından, təbiətindən, flora və faunasından, arxelogiyasından, geologiyasından, genefondundan və s. bəhs edən və bir neçə dildə mütəmadi nəşr edilən nüfuzlu bir jurnal nəşr etdirə bilməzdimi?.. Amma Xudu Məmmədovun yaşamağına imkan versəydilər, sözsüz ki, bunu edərdi...
P.P.S. Bizim professorlar, “ziyalı” adlandırdıqlarımız hələ Zaurun, Xoşqədəmin, Tolikin, Nanənin verilişlərində “dalay-dalay” deyir, əxlaqsızlara, yarıçılpaqlara təriflər yağdırır, çırtıq çalıb oynayırlar...
Sultan Laçın