Moderator.az qondarma erməni rejimi idmançılarının Tiflisdə keçirilən Uşu idman döyüşü üzrə beynəlxalq yarışlara qatıldığı haqda az öncə xəbər yayıb. Əldə etdiyimiz son məlumata görə isə, separatçı ermənilərin Yerevanda fəaliyyət göstərən “Artsax” klubunun da bu gün qonşu ölkənin paytaxtında gürcü komandalarından biri ilə görüş keçirdiyi bəlli olub.
Moderator.az xəbər verir ki, işğalçı ölkənin idman saytlarının məlumatına görə, görüş 11-23 fevralda Gürcüstanda keçirilən təlim-məşq toplanışları çərçivəsində baş tutub. Toplanış Tiflisdə Tengiz Sulakvelidze adına idman akademiyasında təşkil edilib. Təlimlərin gedişində separatçı erməni komandasının yaxınlığında toplanarkən Gürcüstan premyer liqasının klubları ilə 4 yoldaşlıq görüşü də planlaşdırılıb. Separatçı erməni rejiminin adını daşıyan komandanın rəqibləri Telavinin "Kaxeti", "Qagra", "Merani" və "Vit Georgia" klubları olacaq. Artıq oyunlardan biri - “Kaxeti” ilə matç ayın 13-də baş tutub. 16, 19 və 22 fevralda isə digər oyunlar nəzərdə tutulub. Bəzi saytların məlumatına görə, “Artsax” bu gün Martveli şəhərinin “Merani” klubu ilə deyil, Tiflisin "Norç Dinamo" klubu ilə görüşməlidir.
Qeyd edilir ki, toplanış zamanı Türkmənistan yığmasının müdafiəçisi Serdar Annorazov, Ukraynanın yarımmüdafiəçisi, Valeriy Qrişin və Gürcüstan yığmasından daha bir müdafiəçi “Artsax”ın tərkibində sınaq oyunları keçirəcək...
P.S. Yəqin, işğal altındakı torpaqlarımızda qondarılmış separatçı rejimin adını daşıyan bir komandaya paytaxtında şərait yaradan Gürcüstanın Azərbaycanla yoldaşlığı yalnız neft-qaz yoldaşlığıdır. Və belə getsə, neftimiz-qazımız qurtaranda rəsmi Tiflis işğalçı Ermənistanla müttəfiqliyini açıq bəyan edəcək...
P.P.S. Görəsən, Gürcüstandakı erməni kilsələrinə verdiyimiz qaz zəifləməyib?..
Sultan Laçın