Bu günlərdə erməni mediası cari ilin 8 yanvar tarixindən etibarən Suriyada fəaliyyətə başlayan erməni ordusunun “fəıdakarlığı” ilə bağlı məlumat yayıb.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni əsgərləri Suriyada ermənilərin daha çox yaşadıqları ərazinin təhlükəsizliyinə cəlb edilib. Ərazilərin minalardan təmizlənməsi, mülki insanların təghlükəsizliyinin təmin edilməsi erməni hərbçilərinə tapşırılıb.
Erməni hərbçilərinin “humanist” fəaliyyətinə diqqət çəkməyə çalışan məqalələrdə qəribə və bir o qədər də gülünc informasiya yer alıb. Belə ki, erməni saytları bildirir ki, Suriyadakı erməni hərbçilərinin təhlükəsizliyini rus hərbçiləri qoruyur. Erməni ordusu adına rüsvayçılıq olan bu olay haqlı olaraq bəzi suallar doğurur.
Mahiyyət və təyinatı mülki insanları qorumaq olan hərbçilərin özünün mühafizəyə ehtiyacı varsa, o zaman onların “xilasedici”, yaxud “təhlükəsizlik qüvvəsi” adı altında Suriyaya göndərilməsinin nə mənası var? İkincisi, özü-öz təhlükəsizliyini qoruya bilməyən orduya ordu demək, onun nəyisə və ya kimisə müdafiə edəcəyinə ümid bəsləmək nə dərəcədə məntiqlidir?
Göründüyü kimi, hələlik erməni əsgərlərinin “Suriya səfəri” sadəcə Ermənistanın rüsvay olunması ilə əlamətdardır və yəqin ki, rus ordusu vaxt itirmədən bu “yük”dən qurtulmağın yollarını arayacaq.
Seymur ƏLİYEV