İşğalçı ölkə mətbuatında Qarabağ məsələsinin həlli istiqamətindəki son proseslərlə bağlı narahatlıqlar özünü biruzə verməkdədir.
Moderator.az xəbər verir ki, Ermənistanın “Aravot” saytında Emma Qabrielyan ad-soyadlı tanınmış erməni yazar “Artsax mürəkkəb oyunda” adlı məqaləsində son günlər danışıqlar prosesində Madrid prinsiplərinin gündəmdə olmamasını diqqətə çatdıraraq bu amilin erməni tərəfi üçün təhlükəli olduğunu ifadə edir.
“Ümumiyyətlə, son vaxtlar rus mətbuatının Ermənistana diqqətinin artması fonunda geosiyasi orientasiya, Suriyaya humanitar qrup göndərilməsi və Krım, Qarabağ məsələləri ilə bağlı Rusiyanın gələcəkdə Ermənistana təzyiq göstərməsini istisna etmirik. Və artıq vacib deyil ki, Suriyaya əsgər göndərilməsinə görə Moskva rəsmi Yerevana təşəkkür edəcək, yaxud KTMT və ya Koçaryanın həbsi məsələsi ilə əlaqədar narazılıq göstərməkdə davam edəcək. Əsas odur ki, erməni-Rusiya münasibətlərində “qamçı və kökə" prinsipi gündəmdən çıxmır”-deyə erməni jurnalist həyəcanını gizlətmir.
P.S. Bütün hallarda, hətta Ermənistanın tam Qərbə üz tutacağı təqdirdə belə, Moskvanın, yaxud Vaşinqtonun Qarabağı Azərbaycana “məcməyidə təqdim edəcəyi”nə inanmaq sadəlöhvlük olar. Qarabağ uğrunda həm cəmiyyət, həm də iqtidar tərəfindən səmimi, ixlaslı, konyukturasız, şöhrət, təmənna, manipulyasiya məqsədi güdmədən mübarizə aparılmayınca heç bir nəticəyə nail ola bilməyəcəyik...
Sultan Laçın