“Azərbaycanın II Dünya Müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması faydalı olar”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Tahir Kərimli bildirib. Millət vəkili hesab edir ki, bu, Azərbaycanın faşizmə qarşı nübarizədəki layiqli rolunun dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına mühüm töhfə verə bilər:
“Təəssüflər olsun ki, müstəqillik qazanandan sonra bəzi məsələlər qarışdırıldı. Bəziləri buna Rusiya və Almaniya arasındakı məsələ kimi baxır. Onlar iddia edir ki, Azərbaycan guya bu müharibəyə məcburən cəlb olunub. Halbuki, faşizm ümumi bir bəla idi. Faşizm qara, çəhrayı vəba idi. Hansı ki, bu vəbanın on milyonlarla qurbanı olub. Azərbaycan xalqının 700 min təmsilçisi müaribədə iştirak edib. Onun 300 mini həlak olub. Xeyli sayda insan şikəst olub. Faşizmə qarşı mübarizədə iştirakçılığlnı əks etdirən muzeyin yaradılması faydalı addım olar. Bütün dünya bir daha Azərbycanın xidmətlərini yada salar. Bakı neftinin əhəmiyyəti də dünyanın diqqətinə çatdırılardı.
Bu məsələdə Azərbaycanın roluna qısqanclıqla yanaşırlar. Bakıya “Qəhrəman şəhər” adının verilməsinə lazımi reaksiyalar verilməyib. Bu olmasa belə, sözügedən muzeyin yaradılması Azərbaycanın roluna diqqət çəkərdi. Azərbaycanın bütün diviziyaları bu ümharibədə fəal iştirak edib. Biz bu müharibədə həm canlı qüvvə, həm də iqtisadi potensialımızla iştirak etmişik. Azərbaycan bəşəri cinayətə qarşı mübarizə aparıb və bu mübarizənin qələbə ilə yekunlaşmasında böyük töhfə verib”.
Xatırladaq ki, Azərbaycanda II Dünya Müharibəsində iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edib. Onun bu təklifi respublikanın görkəmli ictimai-siyasi xadimləri və millət vəkilləri tərəfindən də dəstəklənməkdədir.
Seymur ƏLİYEV