Xəbər verdiyimiz kimi, “Planet Parni iz Baku" KVN teatrı məşhur II Dünya Müharibəsi qəhrəmanı Əhmədiyyə Cəbrayılovla bağlı film çəkilişi həyata keçirməkdədir.
Əhmədiyyə Cəbrayılov və bu qəbildən olan tarixi qəhrəmanlarımızla bağlı bu cür filmlərin çəkilməsi tarixi qəhrəmanlarımızın təbliği, habelə gənc nəslin mili dəyərlər əsasında, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından nə dərəcədə əhəmiyyətlidi?
Moderator.az-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova bu kimi filmlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi:
“Təbii ki, bu mövzulara müraciət bir çox baxımdan əhəmiyyətlidir. Tarixi şəxsiyyətlərimizlə bağlı filmlərin çəkilməsi həm unudulmuş tarixin yada salınması, həm gənclərin milli tarixi yaddaşının güclənməsi, milli-mənəvi məfkurənin formalaşması baxımından olduqca faydalıdır. Yəni bu, bütövlükdə tarixi yaddaş siyasətidir. Bunların olması vacib və faydalıdır. Amma həmin mövzulara müraciət etmək məsuliyyət tələb edir. Çünki bədii əsərin yaratdığı təəssürat daha uzunmüddətli olur və daha geniş auditoriyanı əhatə edir. Ona görə də burada hansısa uğursuz nəticənin əldə edilməsi həmin tarix haqqında yanlış və ya yarımçıq təəssürat yarada bilər. Bu isə təhlükəlidir. Buna görə də belə mövzulara müraciət etdikdə mütəxəssislərlə əlaqə saxlamaq, nəticənin daha dolğun və parlaq olmasına çalışmaq lazımdır”.
Seymur ƏLİYEV