Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda iştirak edib. Paradla bağlı qürurverici məqamlardan biri isə paradda azərbaycanlı hərbçilərin də keçid etməsi olub.
Maraqlıdır, bu ənənənin gələcəkdə də davam etdirilməsinə ehtiyac varmı? Azərbaycan hərbçilərinin Türkiyə və Pakistanda keçirilən paradlarda, adıçəkilən dövlətlərin isə ölkəmizdə təşkil edilən paradlarda parad heyəti ilə təmsil olunması məqsədəuyğundurmu?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov belə bir ənənənin formalaşmasının arzuedilən olduğunu qeyd etdi:
“Hesab edirəm ki, bu ənənənin davam etdirilməsi yaxşı olardı. Bu ölkələr arasında hərbi-siyasi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Pakistan Azərbaycanı hərtərəfli dəstəkləyir. Pakistanın özünün Kəşmir problemi var ki, bu problem də təəssüflər olsun ki, hələ ki, öz həllini tapmayıb. Qarabağ problemi yaşayan Azərbaycanla Pakistanı bu məsələ də birləşdirir.
Pakistan Ermənistanı hələ də bir dövlət kimi tanımır. Ermənistan işğalçılıq siyasətindən əl çəkməsə, dünya nizamına riayyət etməsə, çox güman ki, Pakistan bu ölkəni gələcəkdə də tanımayacaq.
Azərbaycan və Pakistan arasıdna münasibətlər qarşılıqlı hörmət və ehtiram əsasında formalaşıb. Bizim Pakistanla münasibətlərin həm siyasi, həm iqtisadi, həm hərbi, həm də mədəni-humanitar sahədə inkişaf etməkdədir. Heydər Əliyev Fondunun köməyi ilə Pakistanda bir sıra məktəblər tikilib və s. Hesab edirəm ki, tərəflər gələcəkdə də qarşılıqlı münasibətlərin inkişafına diqqət yetirəcək, bu münqasibətlərdən qarşılıqlı fayda götürəcək, yerləşdikləri bölgədə sülhün, sabitliyin bərqərar olması yönündəki səylərini davam etdirəcəklər”.
Seymur ƏLİYEV