Rusiyanın Venesuelaya 99 hərbçi və 35 ton yük göndədiyi ilə bağlı məlumatlar yayılıb. Xatırladaq ki, bundan öncə də Rusiyanın Venesuelaya hərbi yardım göstərdiyi ilə bağlı informasiyalar yer almışdı.
Kremlin okeanın o tayında aktivləşməsi Rusiya-ABŞ münasibətlərinin daha da gərginləşməsinə səbəb ola bilərmi? ABŞ-ın baş verən proseslər müdaxilə imkanları nə dərəcədədir?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiya-ABŞ münasibətlərinin yetərincə gərgin olduğunu və artıq heç bir addımın bu münasibətləri daha da gərginləşdirə bilməyəcəyini qeyd edib:
“ABŞ-Rusiya münasibətləri o qədər gərgindir ki, heç nə bu münasibətləri daha da gərginləşdirə bilməz. Bundan öncə Rusiya Venesuelaya bombardımançı təyyarələrini göndərmişdi. Bu da aşkar hədələyici addım idi. O vaxt göstərilən bu yardım indi göndərilən hərbi yardımdan əsla az deyildi. Nəhayət, Venesuelada Kuba hərbçiləri, hərbi müşavirləri var. Onlar olan yerdə rus hərbçilərinə ehtiyac yoxdur. Kuba hərbçiləri Maduroya ciddi dəstək vermək üçün kifayətdir və belə bir dəstək verirlər də.
ABŞ Venesuelaya heç nə edə bilməz. Hazırda ABŞ dünyanın gözü qarşısında qanuni bir dövlət başçısını devirməyə çalışır. Bunu da yanlış olaraq demokratiya ilə izah etməyə çalışır. Əslində isə ortada Amerikanın dünya ağalığı iddiası və digər maraqları var”.
Seymur ƏLİYEV