Düşmən mətbuatı Ermənistan prezidentinin Qazaxıstanın baş naziri ilə görüşdüyünü, söhbət əsnasında ikitərəfli iqtisadi əlaqələrin inkişafı ilə bağlı müzakirələrin aparıldığını bildirib. Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə müsəlman ölkələrini işğalçı Ermənistanla əməkdaşlıqdan çəkinməyə çağırıb. Bu baxımdan türk dünyasında özünəməxsus rolu və çəkisi olan, beynəlxalq tribunalara hər zaman Azərbaycanın maraqlarını müdafiə edən Qazaxıstanın Ermənistanla real əməkdaşlığı ölkəmiz üçün arzuedilməz həqiqətə çevrilə bilərmi? Azərbaycan ən azından türk və müsəlman ölkələrinin işğalçı dövlətlə əməkdaşlıqdan çəkinməsi istiqamətində siaysətini gücləndirməlidirmi?
Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov müsəlman ölkələri arasında bu məsələyə birmənalı yanaşmanın olmadığını vurğuladı:
“Məsələ ondadır ki, müsəlman ölkələri arasında müəyyən fərqlər var. Bir var, Türkiyə və bizə yaxın olan digər islam ölkələri. Bir də var İran kimi ölkələr... Hansı ki, bu ölkələr Ermənistanla əməkdaşlıq edir. Görünür, onlar dövlət maraqlarını müsəlman həmrəyliyindən daha üstün tutur. Səudiyyə Ərəbistanı, Pakistan kimi dövlətlər Ermənistanla bu vaxta kimi münasibət qurmayıb. Bu ölkələrin Ermənistana münasibəti mənfidir. Bu, bizim diplomatik fəaliyyətimizin bir nəticəsidir.
Qazaxıstan rəsmiləri ilə Ermənistan prezidenti görüşübsə, bu, heç də o demək deyil ki, Qazaxıstan Ermənistanın siyasətindən razıdır və ya ona müsbət yanaşır. Qazaxıstan dəfələrlərlə bəyan edib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Yadınızdadırsa, vaxtiylə Ermənistan Avrasiya İttifaqına daxil olanda, Sərkisyan qondarma Qarabağ rejiminin də bu qurumda təmsilçiliyinə çalışırdı. O zaman Qazaxıstanla Belarus buna imkan vermədi. Bu bir həqiqətdir. Bu ölkələr fors-major hallarda Azərbaycanın tərəfini saxlayır. Bu baxımdan hesab edirəm ki, həmin dövlətlərin ölkəmizə münasibəti bundan sonra da dəyişməyəcək”.
Seymur ƏLİYEV