Erməni mətbuatında Qərbdəki bəzi futbol azarkeşlərinin Avropa Liqasının final görüşünün Bakıda keçirilməsini boykot etdiyi ilə bağlı məlumatlar yayılmaqdadır. Düşmən mediasında yer alan və digər insanları təşviq etməyə, bu kampaniyada iştiraka səsləyən həmin informasiyaları Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən “Türk-Azəri” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ermənilərin Azərbnaycanda keçirilən beynəlxalq tədbirlərdən cidid narahatlıq keçirdiyini vurğuladı:
“Bu, heç şübhəsiz ki, ermənilərin ölkəmizə qarşı növbəti təxribatıdır. Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların keçirilməsinə qarşı ermənilər illər uzunudur ki, mübarizə aparır. Erməniləri dəstəkləyən qüvvələr də bu məsələdə aktivlik sərgiləyirlər. Onlar Azərbayacana qarşı qara piar aparır, ölkəmizi gözdən salmağa çalışırlar. Onlar bu yolla həmin tədbirlərin ölkəmizdə keçirilməsinin qarşısını ala biləcəklərini güman edirlər. Lakin onların bütün cəhdlərinə baxmayaraq, ölkəmizdə uzun illərdir ki, mötəbər tədbirlər təşkil edilir. Bura gələn hər kəs ölkəmizin bütün sahələrədəki uğurları ilə tanış olur, onun Avropanın bir parçası olduğunu, Avropadan geri qalmadığını görür. Bu isə düşmənlərimizi narahat edir. Ermənilər və Azərbaycanın inkişafını istəməyən qüvvələr birlikdə ölkəmizin uğurlarının qarşısını almağa çalışır. Lakin onların bütün bu cəhdləri əbəsdir. Onlar heç cür bu tədbirlərin ölkəmizdə keçirilməsinin qarşısını ala bilməyəcəklər. Çünki Azərbaycanda keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil edilir. O tədbir ki, ölkəmizdə baş tutur, növbəti ildə bunu keçirməli olan ölkə ciddi narahatlıq keçirir. Onlar bu tədbiri Azərbaycan kimi yüksək səviyyədə təşkil edib-edə bilməyəcəklərini dönə-dönə ölçüb-biçməyə məcbur olurlar. Bu, ölkəmizin uğuru, onun nailiyyətidir və bu nailiyyətlər bundan sonra da davam etdiriləcək”.
Seymur ƏLİYEV