Son günlər ABŞ-ın İran ətrafında canlı qüvvə və hərbi texnika cəmləməsi ilə bağlı yer alan informasiyaların sayı artmaqdadır.
Bəs Amerikanın İran ətrafında apardığı hərbi kampaniya Azərbaycanın cənub qonşusuna yönəlik real hərbi müdaxilə ilə nəticələnə bilərmi? Yoxsa baş verənlər sadəcə ABŞ-ın İrana qarşı psixoloji təzyiqindən başqa bir şey deyil?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə vəziyyətin kifayət qədər gərgin olduğunu vurğuladı:
“ABŞ başa düşür ki, İran kimi bir dövlətlə açıq müharibə aparmaq bir qədər təhlükəlidir. Çünki bunun hansı fəsadlar verəcəyini sona qədər proqnozlaşdırmaq mümkün deyil. ABŞ adətən bElə kampaniyalar aparanda öz müttəfiqlərin imkanlarından da istifadəyə çalışır. Amma bu məsələdə Amerikanın Qərbdəki müttəfiqlərinin onu dəstəkləyəəcyi inandırıcı görünmür. Avropa dövlətlərinin bir çoxu bu məsələdə fərqli mövqe sərgiləyir. İrana qonşu dövlətlər də bu məsələdə canfəşanlıq göstərmirlər. Buna görə də düşünürəm ki, tərəflər sadəcə olaraq bir-birlərinə güc nümayiş etdirirlər. Hələ ki, psixoloji müharibə gedir. Bu isə müxtəlif insidentlərin baş vermə ehtimalını çoxaldır. Xırda insidentlərin də böyük müharibələrə gətirib çıxarma ehtimalı var. Tarixdə bu cür faktlar çox olub. Odur ki, hər iki tərəfin bir-birinə güc nümayiş etdirməsinə baxmayaraq, tərəflərin hər ikisi məsuliyyəti dərk edərək bu gərginliyi müəyyən çərçivə daxilində saxlamağa çalışırlar. Mövcud mənzərə bundan ibarətdir”.
Seymur ƏLİYEV