Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Moderator.az olaraq hüquqşünas Əliməmməd Nuriyevlə söhbətimizdə ölkəmzidə və dünyada uşaq hüüuqlarının mövcud vəziyyəti ilə tanış olmağa, bu istiqamətdə atılan və atılması gərəkən addımları şərh etməyə çalışdıq.
-Əliməmməd bəy, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyətlə bağlı fikrinizi bilmək istərdik. Sizcə qanunvericlik və praktiki baxımdan vəziyyət nə dərəcədə qənaətbəxşdir?
-Azərbaycan uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası kifayət qədər qənaətbəxşdir. Yəni qanunvericilik baxımından uşaq hüqquqlarının müdafiəsində hər hansı bir problem yoxdur. Azərbaycan uşaq hüquqalrının müdafiəsi ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Məsələnin praktiki tərəfinə gələndə isə deməliyik ki, burada müəyyən problemlər var.
-Bu problemlər nədən ibarətdir?
-Bu problemlər əsasən hələ də baxımsız uşaqların mövcudluğunda öz əksini tapır. Biz bu günləri küçələrdə bu cür uşaqlara rast gəlirik. Baxmayaraq ki, son illər ərzində bu kimi halların qarşısının alınması istqiamətində ciddi addımlar atılıb. Onlar müxtəlif işlər görürlər. Hansı ki, bu işlərdən biri də küçələrdə maşınların təmizlənməsi ilə bağlıdr. Bəzi hallarda biz onların dilənçilikə məşğul olmasına şahid oluruq.
Azərbaycan qanunvericiliyinə görə uşaq əməyinin istismarı qadağandır. Yalnız 15 yaşından sonra uşaqlar əmək prosesinə başlaya bilərər. Lakin bəzi hallarda biz uşaq əməyindən istifadənin şahidi oluruq.
Uşaq əməyindən istifadənin hansı formada həyata keçirildiyini fərqləndirmək lazımdır. Biri var ki, uşaqlar istismar edilir. Biri də var ki, uşaqlar könüllü olaraq öz valideynlərinə hansısa işdə kömək edirlər. Uşaqların muzdlu işlərdə iləməsi yolverilməzdir. Hətta bəzən olur ki, 15 yaşından yuxarı şəxlsərin əməyindən istifadə edilsə də, bununla bağlı əmək müqaviləsi imzalanmır. Uşaq əməyinin mühafizəsi sahəsində müəyyən problemlər var. Xüsusilə də yetkinlik yaşına çatmayanlarla bağlı bu problem özünü büruzə verir.
-Uşaqlara qarşı zorakılıqla bağlı mövcud durum nədən ibarətdir? Bu problemə qarşı mübarizədə əsas çətinlik nə ilə ibarətdir?
-Uşaqlara münasibətdə zorakılıq da narahatverici məqamlardan biridir. Çox təəssüf ki, Azərbaycanda bir çox ailələrdə uşaqlara münasibətdə zorakılıq həyata keçirilir. Bu valideynlər tərəfindən zorakılığa məruz qalma prosesi olur. Hələ ki, bunun qarşısını almaq mümkün deyil. Bununla bağlı uzun illərdən bəri mövcud olan “ənənələr” vardır və bu “ənənələri” sındırmaq elə də asan deyil.
-Müasir həyatımızın ayrılmaz bir hissəsinə çevrilən internetin uşaqlar üçün həm də böyük təhlükə mənbəyi olması zaman-zaman ictimai rəydə müzakirə edilən əsas məsələlərdən biridir. Sizcə interneti uşaqlar üçün təhlükə mənbəyinə çevirən nədir?
-İnternetdə istifadənin pozitiv tərəfləri ilə yanaşı, həm də neqativ tərəfləri mövcuddur. Internetdən istifadənin təhlükəli məqamlarından biri uşaqların zərərli oyunlara cəlb edilməsi, zorakılıq, şiddət və s. doğuran, onların əxlaqına, tərbiyəsinə, düşüncəsinə zərbə vuran informasiyalarla tanışlıqdır. Bu, yalnız ölkəmizdə deyil, bütün dünyada mövcud olan bir təhlükədir. Suriya, İraq və s. ölkələr üçün xarakterik olan məqamlardan biri də bu ölkələrdə uşaqların müxtəlif hərbi münaqişələrə cəlb edilməsidir. Xüsusilə də bəzi terror təşkilatları bu məsələdə uşaqlardan geniş istifadə edir. Bu da sivil dünyanı düşündürən, narahat edən məsələlərdən biridir.
-Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı daha hansı problemlər mövcuddur?
-Rayon yerlərində uşaqların məktəbdən yayındırılması, erkən evlilik və s. kimi məslələr də var ki, bunlar da narahatlıq doğuran məsələlər sırasındadır. Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə işləri aparmağa ehtiyac var. Bununla yanaşı hesab edirəm ki, bəzi dövlət qurumlarının, xüsusilə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman İnstitutunun bu sahədəki səlahiyyətlərinin artırılması, Uşaq Ombudsmanının yaradılması məsələsinə də baxıla bilər.
-Uşaq hüquqlarının müdafiəsi ilə bağlı problemlərin həlli baxımıdnan maarifləndirmə işlərinin aparılması nə dərəcədə zəruridir?
-Şübhəsiz ki, biz bu problemin qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılmasına daha çox diqqət yetirməliyik. Bununla bağlı verilişlərin sayı artırılmalı, televiziyalarda, elektron KİV-lərdə bu məsələ ilə bağlı ciddi iş aparılmalıdır. Təəssüflər olsun ki, uşaqlara münasibətdə zorakılığın tətbiqi halları vardır və bunlar çoxsaylı olsa da latent xarakteri daşıyır. Biz bəzi hallarda hətta məktəblərdə uşaqlara qarşı zorakılığın tətbiq edilməsi halları ilə də üzləşirik. Burada zorakılıq deyərkən sadəcə fiziki zorakılığı nəzərdə tutmuram. Bruada söhbət həm də psixoloji zorakılıqdan gedir. Hesab edirəm ki, bu kimi halalrın qarşısının alınması istqiamətində daha ciddi, daha sistemli addımlar atılmalıdır.
Seymur ƏLİYEV