Hazırkı dövrdə ölkə iqtisadiyyatının, sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var və ekspertlər təsdiqləyir ki, bu ehtiyacı ödəmək üçün peşə təhsili müəssisələrində sahə kadrları hazırlanmalıdır. Bakucity.az bu dəfə məhz bu mövzunu araşdırıb. Bakıda peşə məktəbləri nə dərəcədə funksionaldır? Əvvəlki dövrlə müqayisədə peşə məktəblərinin prestiji artıb, yoxsa azalıb? Paytaxt sakinləri peşə məktəblərinə maraq göstərirlərmi? Peşə məktəblərinin prestijinin artırılması istiqamətində hansı işlər görülməlidir? Bu sualları təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb. Materialı oxuculara təqdim edirik.
Ekspert: “Sənaye məktəblərinin yanında peşə kursları da olmalıdır”
Saytımıza açıqlama verən ekspert Kamran Əsədov peşə məktəblərinin inkişafı məsələsinə toxunaraq qeyd edib ki, bu sahədə inkişaf insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir və dövrün tələbatına uyğun peşələr cəmiyyət üçün maraqlıdır. Ekspert hazırda açılan sənaye məktəblərinin yanında peşə kurslarının da olmasını vacib hesab edir. Peşə məktəblərində tədris edilən peşələrlə bağlı isə gənclər arasında təbliğat aparılmalıdır:
“Bu, gənclərin gələcək yoluna işıq tutar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər. Bu da onlarda həmin sahələrə, ümumən peşəyə stimul yaradar. Bir vacib məsələni də qeyd edim ki, hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil. Peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın, cəmiyyətin, dövlətin maraq və tələblərini, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, təhsilalanların yaş, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, müstəqil, yaradıcı şəxsiyyət kimi əmək fəaliyyətinə hazırlanmasını, cəmiyyətin faydalı üzvünə çevrilməsini və azərbaycançılıq ideyalarına sadiqliyini təmin edir. Amma indiyə qədər mövcud olan müddət təhsil alanların peşəkar kadr kimi formalaşmasına yetərli deyil".
Ekspert qeyd edib ki, ixtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində xüsusilə kənd təsərrüfatı güclənəcək, əkin sahələri genişlənəcək. O cümlədən qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək:
“Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına gətirib çıxaracaq. Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq. Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var.
K. Əsədov qeyd edib ki, müasir şəraitdə əmək qabiliyyətli yaş dövrünə qədəm qoyan nəslin əmək karyerasının təmin edilməsində peşə təhsili sistemi əhəmiyyətlidir. O, əlavə edib ki, müəyyən sənaye potensialına malik olan ölkələrin əksəriyyətində peşə təhsili sistemi özünəməxsus yer tutur:
“Müasir dövrün tələblərinə görə peşə-ixtisas təhsilinin məzmunu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğun olmaqla nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirilir və təhsilalanlara müstəqil həyatda lazım olacaq zəruri bilik və bacarıqların aşılanmasını təmin etməlidir. Hal hazırda qüvvədə olan müddətlə peşə təhsilində təhsil alan gənc peşənin mahiyyətini və sosial əhəmiyyətini dərk etmədən onu bitirmiş olurdu. 1 il ərzində peşə təhsili alan tələbə İKT-dən istifadə etmək bacarığına demək olar ki, yiyələnmirdi, iş şəraitini təhlil etməyi, cari və yekun nəzarəti həyata keçirməyi, fəaliyyətini qiymətləndirməyi və korreksiya etməyi, işin nəticəsinə görə məsuliyyət daşımaq kimi ciddi bacarıqlara yiyələnmirdi, komandada işləməyi və cəmiyyətdə işəgötürənlərlə faydalı ünsiyyət qurmağı bacarmırdı. Çünki təhsil müddəti buna yetərli deyildi. Ona görə də peşə təhilini bitirənlər əmək bazarının tələbinə cavab verən işçi qüvvəsinə çevrilmirdi”.
“Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir”
Ekspertin fikrincə, sadalanan problemləri aradan qaldırmaq məqsədilə peşə-ixtisas təhsili haqqında dövlət sənədi – diplom və tam orta təhsil haqqında dövlət sənədi – attestat alan şəxslərə birbaşa ali məktəblərə eyni ixtisas üzrə qəbul olmaq hüququ vermək lazımdır. Onun fikrincə peşə məktəblərində təhsil müddətinin artırılması peşə təhsilinin keyfiyyətini də artıra bilər.
"Avropada peşə məktəbləri, - ekspert davam edir; iqtisadiyyatın əsas gücü sayılır. Buna görə də, Qərb hökumətləri keyfiyyətli və təminatlı tədris üçün peşə məktəblərinin inkişafı yolunda hər cür şərait yaradır. Avropada hər il yeniyetmələrin 20-25 faizi peşə təhsilinə yönəlir, Azərbaycanda isə bu rəqəm 10 faizin altındadır. Son illərdə Təhsil Nazirliyi tərəfindən edilən dəyişiklik peşə təhsilinin müasir çağırışlara cavab vermə istiqamətində mühüm addımdır. Həyata keçirilən islahatlar nəticəsində ümid edirəm ki, bu sahə əmək bazarının tələbinə və müasir standartlara cavab verəcək vəziyyətə gəlib çıxacaqdır”.
Hazırda Bakı Azərbaycanda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub.
Qeyd edək ki, peşə təhsil müəssisələri Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabedir və hal-hazırda Bakı şəhərində 17 peşə təhsil mərkəzi rəsmi fəaliyyət göstərir. 9 peşə məktəbi, 7 peşə liseyləri, Bakı Kompüter Peşə Liseyi və Abşeron Binə Peşə Liseyi isə ləğv edilib, amma təhvil-təslim aparılmadığına görə müvəqqəti fəaliyyət göstərməktədir.
Seymur Əliyev,
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.