Türkiyə ilə Qərb dünyası, xüsusilə də ABŞ arasında yaşanan gərginlik davam edir. Hansı ki, bu gərginliyin Türkiyəyə qarşı irimiqyaslı sanksiyalara səbəb olacağı ilə bağlı ehtimalların sayı artmaqdadır.
ABŞ-ın Türkiyəni sanksiyalara məruz qoyacağı təqdirdə türk dünyasının atmalı olduğu addım nədən ibarətdir? Bu gərginlik və qarşıdurmanın türk dövləltəri üçün hansı nəticəsi ola bilər?
Moderator.az-a açıqlama verən “Borçalı” Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli türk dünyasının heç bri halda Türkiyəni tək qoymayacağını vurğuladı:
“Türkiyənin durumu kifayət qədər problemli görünür. Türkiyə ilə ABŞ və bəzi NATO üzvləri arasında müəyyən problemlər var. Bu isə arzuedilən deyil. Bu problem dərinləşdikcə, digər türk dövlətlərinin avroatlantik məkana inteqrasiyası, yaxud Avropa ailəsinə inteqrasiyası əngəllənir. Yəni ortada həm də bir psixoloji bariyer var. Hər kəs düşünür ki, Türkiyə ilə problem olan bir məkana gedəkmi, getməyəkmi.
Azərbaycanın milli maraqları Gürcüstanın, Ukraynanın, Pribaltikanın olduğu bir məkanla bağlıdır. Bu, sivil dünyanın olduğu bir məkandır. Azərbaycanın inkişafı bununla bağlıdır. Çünki digər məkanlara üz tutsaq, biz ölməmək üçün mübarizə aparmalıyıq. Lakin sivil dünyanın qərarlaşdığı məkana daxil olmaq bizə yaşamaq və yaşatmaq imkanı verəcək. Bu məkan isə Avropadır.
Türkiyəyə qarşı basqılar davam edərsə, o zaman biz Türkiyənin haqlı mövqeyinin yanında olacayıq və olmalıyıq da. Bütün hallarda Türkiyəni tək qoymayacayıq. Çünki Türkiyə haqlı mövqeyə malikdir və başqa cür addım atmaq ədalət prinsipinin pozulması demək olar”.
Seymur ƏLİYEV