Mehriban Əliyevanın prezidentliyə namizəd olacağına dair fikirlər ölkə medasının əsas müzakirə mövzularından biridir. Qeyd edək ki, başqa bir partiya tərəfindən Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi hakimiyyətin vahid namizəd probleminin olması barədə fikirləri qətiləşdirir. YAP-çı millət vəkili Hadi Rəcəbli isə bu cür düşünmür. Moderator.az-ın bununla bağlı sualını cavablandıran Hadi Rəcəbli qeyd edib ki, hakimiyyətdə vahid namizəd problemi yoxdur: “Bunu sadəcə olaraq, bir qrup adam ortaya atıb və müxalif mediada bunun ətrafında fikir formalaşdırmağa çalışır: “İqtidarın, hakim partiyanın prezidentliyə yeganə namizədi İlham Əliyevdir. Bununla da bağlı 5-ci qurultayın rəsmi qərarı var. Mehriban xanımın müavini olduğu partiya ölkə başçısı İlham Əliyevi prezidentliyə rəsmi namizəd irəli sürüb və bu, hakimiyyət partiyasının atdığı addım birmənalıdır, müzakirə olunmur”.
H. Rəcəbli hesab edir ki, müxalif mediada yer alan, dövriyyəyə buraxılan versiyalar, fikirlər isə siyasi oyunbazlıq istiqamətində atılan addımlardır: “Bununla yanaşı, son zamanlar kimlərinsə Mehriban xanımın namizədliyinin irəli sürülməsi ilə bağlı məsələləri də ortaya atması özfəaliyyətdir və müxalifət də bunu şişirdir, onun ətrafında şou yaradır. Ancaq birmənalı olaraq deyirəm ki, iqtidarda bu mövzu, bu söhbət yoxdur. İqtidarın, bizim partiyanın bir namizədi var, o da İlham Əliyevdir. Mehriban xanım Əliyeva da sədr müavini kimi bu namizədi dəstəkləyir. Ona görə bir daha qeyd etmək istəyirəm ki, belə bir məsələnin ortaya atılması siyasi oyunbazlıqdan başqa bir şey deyil”.